DSX imtahan keçirir FOTOLAR

Bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul imtahanları keçirilir. SİA-nın verdiyi məlumata görə, 4-cü sinifi bitirmiş, 12 yaşı tamam olmamış şagirdlərin iştirak etdiyi imtahanda valideynlər də iştirak edib.

Məlumat verilib ki, bu il 48 kursant yerinə 1227 nəfər namizəd müraciət etmiş, 1 yerə konkurs 26 nəfər olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilərək zəruri tədris bazası ilə təchiz olunmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 18 oktyabr 2011-ci il tarixdə təntənəli açılış mərasimində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2014-cü il 22 may tarixli 170 nömrəli Fərmanı ilə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilmiş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin məzunları 2015-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin Akademiyasında hərbi təhsil alırlar. 2018-ci ilin mart ayının 5-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni korpusunun açılış mərasimində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak edib, kursantların tədrisi və yaşayışı üçün yaradılmış şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”nə əsasən Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin vəzifəsi – kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələrini; milli-mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmalarını; Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlanmalarını təmin etməkdir. DSX Xüsusi Məktəbinin Nizamnaməsinə əsasən məktəbə 4-cü sinifi bitirmiş 12 yaşı tamam olmamış oğlanlar qəbul olunurlar. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 11 illik, bundan sonra zabitlərin ixtisas artırması üçün 2 illik akademik kurslardan ibarət təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə