Müəllimlərə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib

Müəllimlərə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib

Bu gün 20 saylı məktəb-liseydə müəllimlərə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, təltif olunan müəllimlər, mətbuat nümayəndələri və digərləri iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb. O bildirib ki, hər il Azərbaycan Prezidentinin sərəncamı əsasında müəllimlərin “Tərəqqi” medalı və “Əməkdar müəllim” adına layiq görülməsi ölkə başçısının bu sahəyə və müəllimlərə göstərilən diqqət və qayğının bariz göstəricisidir: “2004-cü ildən bu günə qədər 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılıb. Şagirdlərin yüksək şəraitdə təhsil almaları üçün həmin məktəblər lazımi avadanlıqlarla təmin olunub. Görülən işlərin hər biri Azərbaycanda təhsil sahəsinə göstərilən diqqət və önəmi nümayiş etdirir. Azərbaycanda müəllimlərin əmək haqqı islahatı, müəllim nüfuzunun artırılması istiqamətində mühüm işlər görülüb. Lakin görüləcək işlər hələ çoxdur”.

Daha sonra Azərbaycan Prezidenti tərəfindən təltif olunan müəllimlər onlara göstərilən diqqəti yüksək qiymətləndiriblər.

Sonda müəllimlərə dövlət mükafatları təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə, 54 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 53 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına, 1 nəfər “Azərbaycan Respublikasının fəxri diplomu”na, 1 nəfər isə “Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü”nə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə