Aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə edilib

Aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə edilib

Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının qərargahında yeni dərs ili ilə əlaqədar aztəminatlı ailələrin nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qarşıdan gələn 15 sentyabr - Bilik Günü münasibətilə valideynləri və şagirdləri təbrik edib.

O bildirib ki, rayon təşkilatı ənənəvi olaraq hər il 15 sentyabr - Bilik Günü ərəfəsində rayonda yaşayan aztəminatlı ailələrin nümayəndələri ilə görüşür və onların övladlarına məktəb çantası və ləvazimatları hədiyyə edir.

Sədaqət Vəliyeva bu humanitar aksiyanın ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin tövsiyəsi ilə keçirildiyini bildirib: "Ulu Öndərimiz daim imkansız ailələrə kömək etməyi tövsiyə edirdi. Biz bu tövsiyəyə sadiq qalaraq hər zaman belə insanlara diqqət göstərməyi özümüzə borc bilirik".

"YAP daim humanizm mövqeyindən çıxış edərək bu cür tədbirləri gələcəkdə də davam etdirəcək", - deyən deputat arzularını ifadə edərək məktəbin müqəddəs ocaq olduğunu deyib.

"Məktəbdə gənc nəslə Vətəni, xalqı, valideynləri sevmək öyrədilir. Çalışın ki, hər biriniz Vətənə layiqli övlad olasınız. Bunun üçün isə yaxşı oxumaq lazımdır" – deyə Sədaqət Vəliyeva əlavə edib.
Valideynlər isə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eyni zamanda, Yeni Azərbaycan Partiyasına minnətdarlıq ediblər.
Sonda bu il 1-4-cü siniflərə gedəcək 150-dən artıq uşağa məktəb çantası və ləvazimatları hədiyyə olunub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə