"Qrant layihələr müəllimlərin sosial rifah halını yaxşılaşdıracaq" EKSPERT RƏYİ
"Neçə illərdir ki, ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim müsabiqəsi keçirilirdi və bu tükənmək üzrə idi. Çünki, hər il ən yaxşı müəllim və məktəbin olma imkanı mümkün deyil. Bu baxımdan prosesin sona çatması nəzərə alınaraq Ölkə Başçısının sərəncamına əsasən ona sərf edilən maliyyə təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək". Bu fikirləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Əjdər Ağayev deyib.
Bu istiqamətdə atılan addımları məqsədəuyğun hesab edən ekspert söyləyib ki, layihə yüksək nəticələr verəcək: "Bununla bağlı bütün hədəflər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın Fəaliyyət Planı"nda qeyd olunub. Hədəflərdə inkişaf xətləri 5 istiqamət üzrə göstərilib. Strategiyanın təsdiq edilməsindən 3 il keçməsinə baxmayaraq, baş verən dəyişikliklər ciddi pedaqoji elmə əsaslanmır. Burada əsas məsələ pedaqoji kadr hazırlığı və bu prosesin təkmilləşdirilməsidir. Maddi texniki bazamız var, lakin yaxşı müəllim yoxdursa, bunlar yalnız vəsait olaraq qalır. Buna görə də ilk növbədə müəllimlərin peşəkarlıq səviyyəsi yüksəldilməlidir. Hədəflərə çatmaq üçün bu istiqamətə yönələn maliyyə peşəkar kadr hazırlığı, qrant layihələrin də bu sahə ilə bağlı verilməsinə diqqət artırılmalı, eləcə də məktəblərdə pedaqoji proses gücləndirilməlidir".
Ə. Ağayev vurğulayıb ki, qrant layihələrdə iştirak edən müəllimlərə maliyyə vəsaiti ödənəcək ki, bu onların sosial rifah halının yaxşılaşdırılmasında böyük rola malik olacaq. Bütün bunlar ümum təhsilin təlim keyfiyyətinin yüksəlməsinə təsir göstərəcək. Ancaq burada əsas məqam proseslərin şəffaf, obyektiv, pedaqoji elmə söykənərək həyata keçirilməsidir. Əks halda, bunun heç bir əhəmiyyəti olmaz. Ali məktəblərin nəticələri göstərir ki, məktəblərimizin 50 faizi keyfiyyətli, 50 faizi isə keyfiyyətsizdir. Bu da 400-500 məktəb deməkdir. Bu keyfiyyətsizliyi aradan qaldırmaq, keyfiyyətli məktəblərin isə daha böyük nailiyyətlər əldə edilməsində Dövlət başçısının imzaladığı sərəncamın şəffaf şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyacaq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB