Buraxılış və qəbul imtahanları birləşdirilir? MÜNASİBƏT

"Mən hesab edirəm ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi repetitorluğun aradan qaldırılmasına kömək edəcək. Lakin şagirdin keçdiyi fənlər üzrə qiymətləndirmə aparılmalı və bunun mexanizmi hazırlanmalıdır". Bu fikirləri SİA-ya təhsil üzrə ekspert Kamran Əsədov buraxılış və qəbul imtahanları birləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, son illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhili zamanı ortaya çox fərqli bir mənzərə çııxır: "Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. Azərbaycanda orta məktəb şagirdləri arasında repetitorluğun yayılmasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) ali məktəblərə qəbul imtahanlarının bir neçə fənn üzrə keçirməsinin də rolu var. Əlbətdəki, repetitorluğu təkcə bununla bağlamaq olmaz. TQDK tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir. Mənim təklif edəcəyim yeniliklərdən biri də odur ki, humanitar, təbiət elmləri, riyaziyyat-informatika və digər təhsil sahələri üzrə qiymətləndirmənin nəticələri ümumiləşdirilməli və abituriyentə bununla bağlı sertifikat verilməlidir. Abituriyent də hansı sahə üzrə daha yüksək göstəricisi varsa, o sahəyə getməlidir".

Kamran Əsədovun fikrincə, yaxın illərdə buraxılış və qəbul imtahanları ayrı-ayrı olsa da, sonra birləşdiriləcək: "Doğru deyil ki, uşaq buraxılış imtahanı verir, bir ay sonra da qəbul imtahanı başlayır. Qısa müddət içərisində psixoloji cəhətdən tam formalaşmamış gənci bu qədər imtahan stresinə, gərginliyinə salmaq olmaz. Amma burda bir sıra məsələləri yaddan çıxarmaq olmaz. Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsinin əsas məqsəd olmadığı, qəbul imtahanlarında isə tam əksinə, yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu qeyd etmək lazımdır. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıqda məktəblərimiz hazır deyillər".

Onun sözlərinə görə, məktəblərdə keyfiyyətin yaxşılaşdırılması istiqamətində aparılan işlər buna xidmət etməlidir: "Bu prosesi həyata keçirmək 12 illik təhsilə keçməmiş və təmayülləşmə prosesini başa çatdırmamış çox çətindir. Bir məsələni qeyd edim ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi fikri yeni məsələ olmayıb, uzun illərdən bəri zaman-zaman gündəmə gətirilən məsələlərdən biridir. Belə bir sistem dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən keçmiş sovet respublikalarının bəzilərində də neçə illərdən bəri uğurla tətbiq olunur. Bizim bu məsələdə nisbətən gecikməyimizin bir səbəbi də onunla bağlı olub ki, bizdə son illərə qədər buraxılış imtahanlarını Təhsil Nazirliyi, qəbul imtahanlarını keçmiş TQDK keçirirdi ki, bu da təkpilləli vahid imtahan prosesinin məhz hansı qurum tərəfindən keçirilməsi sualını ortalığa qoyurdu. Hazırda bu problem öz həllini tapıb".

Bütün xəbərlər Facebook səhifəmizdə