Elmi şuranın iclasında cari məsələlər müzakirə olunub

Elmi şuranın iclasında cari məsələlər müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2015/2016-cı tədris ilinə həsr olunan ilk elmi şuranın iclası keçirilib. ATMU-dan bildiriblər ki, iclasda bu ali məktəbin rektoru, professor Cəfər Cəfərov yeni tədris ilinin başlanması münasibətilə iştirakçıları təbrik edib.

Universitetin tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanovun "Azərbaycan Turizm və Menecment Universitetində 2015/2016-tədris ilinə hazırlığın vəziyyəti" mövzusunda məruzəsi dinlənilib.

Bildirilib ki, ali təhsilin bakalavr səviyyəsində bu il ATMU-ya 12 ixtisas üzrə 406 nəfər qəbul olunub. Magistratura pilləsində 46 nəfər, doktorantura üzrə 15 yerlik qəbul planı Azərbaycan Respublikası Nazirlər Kabinetinə müvafiq qaydada təqdim edilib və cari ilin payızında qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur. Hazırda ilkin peşə təhsili üzrə ATMU nəzdində Bakı Turizm Peşə Məktəbində 10 ixtisas üzrə 440 plan yerinə 446 sənəd verilib.

Diqqətə çatdırılıb ki, 2015/2016-cı tədris ilində ATMU-nun tələbəsi adını qazanan, daha doğrusu qeydiyyatdan keçən 406 tələbədən 107-i dövlət sifarişi əsasında, 299-u isə ödənişli əsaslarla təhsil alacaq. Tələbələrdən 99 nəfəri məcburi köçkün və ya valideyn himayəsindən məhrum olanlardır. Qəbul olunanların 30 faizi 400-dən yuxarı, 12 tələbə 600-dən çox bal toplayıb. 250-dən az balı olanlar cəmi 17 nəfərdir.

Digər çıxış edənlər 2015/2016-cı tədris ili üzrə qəbulun nəticələrini müsbət dəyərləndiriblər.

Sonra gündəliyə daxil olan məsələlər səs çoxluğu ilə qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə