Almaniyanın Frayburq Universitetinin nümayəndələri ADU-da olub

Almaniyanın Frayburq Universitetinin nümayəndələri ADU-da olub

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Almaniyanın Fraqyburq Universitetinin nümayəndələri ilə görüşüb. ADU-dan SİA-ya verilən xəbərə görə, qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu deyib.

O, Almaniya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişaf etdiyini bildirib. Rektor Almaniyanın ölkəmizə yeni təyin olunan səfirinin bütün sahələrdə, eyni zamanda təhsil sahəsində əlaqələrin inkişafına dəstək göstərdiyini və əməkdaşlığın inkişafında səylərini əsirgəmədiyini qeyd edib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor Səməd Seyidov Frayburq Universiteti ilə ADU arasında əlaqələrin yüksək əməkdaşlıq səviyyəsində olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar ADU ilə təmsil etdikləri universitet arasında olan əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Bundan sonra da əlaqələrin inkişafına əminlik ifadə olundu. Müəllim-tələbə mübadiləsinin ikitərəfli əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Görüşdə ADU-da Alman dilinin tədrisi və gələcək əməkdaşlıq perspektivləri haqda fikir mübadiləsi aparılıb. Görüşdə Qazaxıstanın Abay adına Milli Qazax Pedaqoji Universitetinin də nümayəndəsi iştirak edirdi.

Xatırladaq ki, sentyabrın 23-də Azərbaycan Dillər Universitetində professor-müəllim və tələbə heyətinin iştirakı ilə "İmtahan etmək, yoxlamaq, rəy vermək"("Prüfen, Testen, Begutachten") adlı metodik-didaktik seminar keçiriləcək. SeminarAlmaniyanın Frayburq Universitetinin Tədris işləri üzrə prorektoru, professoru Hans-Verner Huneke, həmin universitetin dosentləri Natalia Hahn və Marianne Schölerin moderatorluğu ilə keçiriləcək. Universitetlərarası əməkdaşlığın koordinatoru, Müasir alman dili kafedrasının professoru Ulduz Asloanovanın təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək təkmilləşmə, interaktiv və müasir tədris metodları ilə xarici dil dərslərinin təşkili problemlərinin müzakirə olunacağı seminarın məqsədi bu sahədə mövcud çətinlikləri aradan qaldırılması ilə bağlı rəyləri gündəmə gətirməkdir.

Azərbaycan Dillər Universitetindən 10 nəfər, Özbəkistanın Nizami adına Dövlət Pedaqoji Universitetindən 2 nəfər, Qazaxıstanın Abay adına Dövlət Pedaqoji Universitetindən 2 nəfər iştirakçı öz məruzələri ilə çıxış edəcəklər.

Qeyd edək ki, seminar ADU və Frayburq Universiteti arasında imzalanan müqavilə çərçivəsində keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə