"Jurnalistika ixtisasını I yerdə yazanların sayı çox azdır" TQDK sədrinin şərhi
"Jurnalistika ixtisası üzrə keçid balları bu il üçün 351-369 arası olub. Bu sahə üzrə builki göstəricinin aşağı olmasını əvvəlcədən təxmin etmişdik. Bununla bağlı Mətbuat Şurası ilə ortaq işləyəcəyik və bütün təklifləri nəzərə alacağıq. Odur ki, gələn ildən bu sahə üçün olan qaydalarda müvafiq dəyişikliklər etməyə hazırıq". SİA-nın xəbərinə görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanda ilk dəfə bu il keçirilən Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələrini şərh edərkən deyib.
Sədrin sözlərinə görə, əsas istəkləri ölkədə hər bir sahədə keyfiyyətli mütəxəssislər ali məktəblərdə formalaşsıdır: "Təbii ki, bu proses qəbuldan başlayır. Sonradan 4 il ali məktəbdə davam edir. Ona görə də əvvəlcədən elmi araşdırmalar aparılır. Jurnalistika fakültəsində təhsil almaq üçün yüksək bal toplayan, hansı ki hüquqşünas fakültələrinə qəbul olmaq istəyən və istəyinə nail ola bilməyənlər bu sahəyə gəlirlər. Bunun nəticəsində sonradan həmin tələbələr keyfiyyətli jurnalist kimi fəaliyyət göstərə bilmirlər".
O bildirib ki, jurnalistika sahəsi üzrə qabiliyyət imtahanın keçirilməsi sahə üzrə ekspertlərin fikri idi: "Hər zaman deyirdik ki, jurnalistika ixtisasını I yerdə yazan və bu sahəyə istəyi olan abituriyentlərin sayı çox azdır. Ona görə də onların arasında keyfiyyətli seçim aparmaq olduqca çətindir. Uzun illərdir məsələ ilə müzakirələr aparılır. Bəyan edirdik ki, ərizə verənlərin sayı təqdim olunan yerlərdən azdırsa imtahanların mürəkkəbləşdirilməsi heç vaxt yaxşı nəticə verməyəcək. Bunu hər zaman mütəxəssislərin nəzərinə çatdırırdım. Onlar isə deyirdi ki, qoy az olsun, ancaq keyfiyyətli olsun. Nəhayət 4 ildən sonra 47 nəfər yaxşı mütəxəssis kimi Azərbaycan mediasında işləməyə başlasa, əvvəlki jurnalistlər işsiz qalacaq".
M. Abbaszadə onu da qeyd edib ki, yazı işinə buraxılan 400-dən çox abituriyentdən yalnız 150-si qabiliyyət imtahanında iştirak edirdi: "Çünki yüksək bal toplayan uşaqlar gördülər ki, onlar istədiyi fakültəyə qəbul oluna biləcəklər. Buna görə də onların istədiyi ixtisas jurnalistika deyildi. Baxmayaraq ki onlar jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək üçün xüsusi elektron ərizələri doldurmuşdular, lakin görünür onların yazısı da səmimi deyildi. Çünki onlar 2-ci mərhələyə buraxıldılar, ancaq qabiliyyət imtahanına gəlmədilər. Hətta müsabiqəyə buraxılıb və imtahanı verənlərin bir qismi birinci yerdə jurnalistikanı yazmamışdılar. Jurnalist olmaq üçün böyük biliyə malik olmaq lazımdır. Eyni zamanda bu sahədə işləyən insanların jurnalistikaya həvəsi də olmalıdır. Nəticə tam açıqdır. Jurnalist olmaq istəyən abituriyentlərin yazı işləri də onların internet səhifəsindədir. İstəsəniz onların icazəsi ilə hər şeylə tam maraqlana bilərsiniz. Çünki bizim ixtiyarımız yoxdur ki, onların işlərini nümayiş etdirək. Konkret olaraq kiməsə aid olan yazını göstərə bilmərik".
"Qeyd edim ki, proses tam şəffaf keçib. İnşaların yoxlanılmasında tam peşəkar şəxslər iştirak edib. Jurnalistika ilə bağlı imtahanlarla əlaqədar heç bir apelyasiya şikayəti yoxdur. Jurnalistika ixtisası üzrə boş yerlər qalıb. Təbii ki, indi həmin yerlərə yazı işi yazmayan, daha aşağı bal toplayan abituriyent ali məktəbə sənəd verə bilməyəcək. Çünki düzgün olmazdı ki, həmin abituriyentlər ciddi imtahandan keçib bu yeri qazanıblar və biz boş qalan yerləri elan edək. Misal olaraq kimsə 250 balla ora qəbul olması onlara qarşı haqsızlıq olardı"- deyə, TQDK sədri məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB