Varşava Universitetində Azərbaycan dili, tarixi və mədəniyyəti tədris olunacaq
Bu ilin oktyabrından etibarən ilk dəfə olaraq Polşanın ən nüfuzlu ali təhsil müəssisəsi olan Varşava Universitetinin tədris proqramına Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı fənlər daxil edilib. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, bu fənlərin tədrisini milliyyətcə azərbaycanlı, Varşava Universitetinin fəlsəfə elmləri doktoru, Polşada təsis edilən Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova həyata keçirəcək. Azərbaycanla bağlı fənlər proqrama yeni əlavə olunmasına baxmayaraq, dərslərə yazılan tələbələrin sayı gözləniləndən yüksək olub.
Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən və Polşadakı səfirliyin Varşava Universitetinin rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində ərsəyə gələn bu tədris layihəsinin rəsmi təqdimatı oktyabrın 11-də Varşava Universitetində keçirilib. Tədbirdə səfir Həsən Həsənov azərbaycanşünaslıqla bağlı fənləri seçən tələbələrlə görüşüb, onların qarşısında geniş məruzə ilə çıxış edib.
Diplomat son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mədəniyyətin inkişafına göstərilən qayğıdan, həyata keçirilən irimiqyaslı beynəlxalq və regional layihələrdən, iqtisadiyyatda əldə edilmiş uğurlardan danışıb. O, dövlət başçısının Azərbaycanın milli maraq və mənafelərinin qorunmasını başlıca şərt kimi irəli sürdüyünü və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirdiyini diqqətə çatdırıb. Həsən Həsənov Azərbaycan xalqının milli mədəni irsinin qorunub saxlanılmasında və növbəti nəsillərə çatdırılmasında, mədəniyyətimizin dünyada geniş təbliğində, nəinki Azərbaycanda, bütün dünyada qədim ümumbəşəri tarixi abidələrin bərpası və qorunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm rolunu vurğulayıb. Səfir, həmçinin Azərbaycan tarixi, ədəbiyyatı, qədim eposları, xalçaçılıq, musiqi, memarlıq sənəti, Azərbaycan-Polşa mədəni əlaqələri haqqında geniş məlumat verib. Səfir tələbələrin Azərbaycan turizmi, kinosu, mətbəxi, qədim abidələri ilə bağlı suallarını da cavablandırıb.
Sonda tələbələrə səfirlik tərəfindən polyak dilində nəşr edilmiş kitablar hədiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB