Təhsil eksperti: "Azərbaycanda təhsilin inkişafına diqqət artırılıb"

Təhsil eksperti: "Azərbaycanda təhsilin inkişafına diqqət artırılıb"

"Son 10 ildə təhsil sisteminin müxtəlif sahələri üzrə inkişaf proqramları çərçivəsində təhsilin məzmununun yeniləşdirilməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki-peşə təhsilinin təkmilləşdirilməsi, istedadlı uşaq və gənclərin potensialının inkişafı və digər sahələrdə tədbirlər həyata keçirilib". SİA-ya açıqlamasında təhsil eksperti Şahlar Əsgərov Prezident İlham Əliyevin təhsil sahəsində gördüyü işlərə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə son illərdə ölkə üzrə məktəblərin 40%-dən çoxu yeni tikilib: "Yüzlərlə məktəb genişləndirilib, əsaslı təmir olunub və müasir avadanlıqlarla təmin edilib. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində yüzlərlə təhsil müəssisəsi tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. Statistikaya görə, 2000-ci ildə Azərbaycanda 1000 şagirdə 1 kompyüter düşürdüsə, indi 30 şagirdə 1 kompyüter düşür. Təbii ki, hazırki vəziyyət gələcəkdə təhsil proqramları çərçivəsində daha da yaxşılaşdırılacaq".

Ekspert xaricdə təhsil alan azərbaycanlı gənclərin sayının artmasını Azərbaycan təhsilində atılmış daha bir uğurlu addım kimi qiymətləndirib: " "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən müəyyənləşdirilmiş prioritet istiqamətlərə uyğun olaraq, artıq yüzlərlə azərbaycanlı gənc dünyanın qabaqcıl ölkələrinin aparıcı ali məktəblərində təhsil alır. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan xaricilərin də sayı artıb və "Qlobal innovasiya indeksi"nə əsasən, təhsil alan xarici tələbələrin xüsusi çəkisinə görə Azərbaycan dünya ölkələri arasında 37-ci, MDB ölkələri arasında 2-ci yerdədir".

Azərbaycanın təhsil siyasəti çərçivəsində bu sahə üzrə çalışan dövlət qulluqçularının da qiymətləndirildiyini deyən Şahlar Əsgərov bildirib ki, ölkə prezidenti dəfələrlə təhsil işçilərinin təltif olunması haqqında və onların əməkhaqların artırılması ilə bağlı sərəncam imzalayıb: "Dövlət başçısının imzaladığı sərəncamlar əsasında həm təhsil işçilərinin əməkhaqlarının, həm də tələbə təqaüdlərinin artırılması reallaşıb. Sadalananlar onu göstərir ki, Azərbaycanda keçirilən təhsil siyasəti dövlət siyasətinin önəmli istiqamətlərindən biridir və bu sahədə qazanılacaq yeni nailiyyətlərin təməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə