2008-2015-ci il "Dövlət proqramı" qəbul olunduqdan sonra xarici ölkələrdə təhsil almağa yollanan tələbələrimizin sayı xeyli artdı. Biz bundan sonra isə fəaliyyətimizi genişləndirmək istiqamətində ASAIF-in nizamnaməsində başlıca məqsədlər irəli sürdük. Bunu SİA-ya ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olan Gənclərin İctimai Birliyi) baş katibi Vüsal Qurbanov adı çəkilən təşkilatın 2012-ci ildə gördüyü və 2013-cü ildə görülməsi planlaşdırılan işlərə aydınlıq gətirərkən deyib.
Baş katibin sözlərinə görə, ASAİF 2001-ci ildən etibarən fəaliyyət göstərir. Amma bu təşkilatın uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq 2010-cu ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib: "Bəs, gəlin görək ASAIF-in yaradılmasına başlıca məqsəd nə idi? Bu sual təbii ki, hər kəsi çox maraqlandırıb. Burada əsas səbəb o idi ki, dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimizi (xüsusilə də təhsil alan və məzun olan gəncləri) öz ətrafımızda birləşdirmək idi. Bu gün artıq bizim sayımız on minə yaxınlaşır. Dünyanın 44 ölkəsində on minə yaxın ASAIF-çı tələbə vardır. İkinci əsas fəaliyyətimiz diaspora və lobbiçilik idi. Hər bir gəncimiz xaricdə təhsil almağa gedərkən eyni zamanda Azərbaycanı təmsil edir. Bu gün fəxr hissi ilə demək olar ki, Azərbaycanı hətta səfirliyi olmayan ölkəsində belə gəncimiz varsa bu təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir. Üçüncüsü isə xaricdə təhsil alan gənclərimiz üçün beynəlxalq forumun təşkilidir. Bu forumları biz dünyanın müxtəlif ölkələrində, ən qabaqcıl şəhərlərində, universitetlərində belə keçirmişik. Buna misal olaraq Strasburq, Budapeşt forumunu göstərə bilərik. Digər bir məqsədimiz xaricdə təhsil alan gənclərimizi işlə təmin edərək, onlara yardımçı olmaqdır".
V.Qurbanov deyib ki, 2012-ci ildə ASAIF-in yeni komandası fəaliyyətə başlayıb və Ramin Həkimov təşkilata yeni sədr seçilib: "Hazırda əsas məqsədimiz 2013-ci ildə ASAIF-in fəaliyyətini daha da genişləndirmək və dünyada tanıtdırmaqdır. Bizim bu il üçün planlarımız müxtəlif istiqamətləri əhatə edir. Konkret addımlara gəldikdə isə onu qeyd etmək istərdim ki, bu yaxınlarda dünyanın müxtəlif ölkələrindən 80-ə yaxın xarici tələbə üçün Azərbaycanda qış düşərgəsinin təşkili nəzərdə tutulur. Həmin düşərgədə dünyanın ən qabaqcıl universitetlərinin tələbələri iştirak edəcəklər. Onlara ilkin olaraq Azərbaycan haqqında məlumat veriləcək və ölkə reallıqları onların diqqətinə çatdırılacaq. Biz nə üçün bunları önəmli layihə kimi qeyd edirik? Əgər biz 80 nəfər tələbənin 5 nəfərini qazana bilsək və onların gələcəkdə elmi işlərində ölkəmiz haqqında məlumatların şahidi olsaq demək ki, ASAIF öz məqsədinə çatmış hesab olunur. Təbii ki, bunu üçün də əlimizdən gələni edəcəyik. Bizim növbəti bir işimiz Roma forumunun təşkili olacaq. Daha sonra isə Asiya ölkələrində təhsil alan gənclərimiz üçün forumun reallaşdırılması nəzərdə tutulub. Çünki lobbiçilik və diaspora fəaliyyəti Avropada kifayət qədər inkişaf etsə də amma Asiya ölkələri bir qədər diqqətdən kənarda qalıbdır. Bunların hər biri bizim ümumi görəcəyimiz işlərdir. Digər işlərimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində olacaq. Bildiyiniz kimi qabaqdan "20 Yanvar" faciəsi, "Xocalı" soyqırımı gəlir. Çox sevindirici bir məqam odur ki, yanvarın 9-da ASAIF-in çox fəal üzvü Leyla Məmmədli Amerikanın "Vaşinqton tayms" (Washinqton times) qəzetinə "20 Yanvar" faciəsi haqqında bir məktub ünvanlayıblar. Həmin müraciətdə "20 Yanvar" qətnaməsinin qəbulu tələb olunur. İnanırıq ki, Amerika (ABŞ) qanunverici orqani bu məktuba öz müsbət rəyini bildirəcək. Bununla belə "Xocalı" soyqırımı ərəfəsində aksiyanın keçirilməsini planlaşdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB