Litvada səfərdə olan təhsil naziri görüşlər keçirir

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasının elm və təhsil naziri Gintaras Stepanoviçiyusun dəvəti ilə həmin ölkədə səfərdədir. Nazirliyin mətbuat xidmtəindən SİA-ya verilən xəbərə görə, iyunun 19-da nümayəndə heyəti Vilnüs Edukologiya Universitetində olub, rektor Algirdas Gaijutis ilə görüşüb. Sonra universitetdə "dəyirmi masa" keçirilib. Müzakirələrdə bu universitetin Azərbaycanın müvafiq ali məktəbləri ilə qarşılıqlı əlaqələrinin inkişafı məsələlərindən söhbət açılıb.


Təhsil naziri Misir Mərdanov Vilnüs Edukologiya Universitetində yaxın vaxtlarda açılışı nəzərdə tutulan Nizami Gəncəvi adına Azərbaycan auditoriyası ilə tanış olub, rəy və təkliflərini verib. Sonra təhsil naziri Vilnüs Universitetinin rektoru Benediktas Yuodka ilə görüşüb. Universitetin rektoru rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında nazirə ətraflı məlumat verib. 400 ildən artıq tarixi olan ali məktəbin uğurlarından söz açan rektor bu universitetin dünyanın ali təhsil müəssisələri ilə bağlı reytinq siyahılarında ön cərgədə dayandığını vurğulayıb. Benediktas Yuodka rəhbərlik etdiyi təhsil müəssisəsinin adının Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş xaricdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq müəyyənləşdirilmiş universitetlərin siyahısına daxil edildiyinə görə ölkəmizin Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadəyə və təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib.


Daha sonra Misir Mərdanov universitetin zəngin auditoriya və laboratoriyaları ilə tanış olub.

Elə həmin gün nazir Litva Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Hazırda isə Litvanın müxtəlif ali məktəblərində 50-yə yaxın azərbaycanlı tələbə təhsil alır. Görüş zamanı Misir Mərdanov azərbaycanlı tələbələrin qayğı və problemləri ilə maraqlanıb. Nazir bildirib ki, artıq Litvanın iki nüfuzlu ali məktəbi xaricdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq müəyyənləşdirilmiş universitetlərin siyahısına daxil edilib və həmin təhsil müəssisələrinə müvafiq proqram üzrə qəbul olunacaq tələbələrin bütün xərcləri Azərbaycan hökuməti tərəfindən ödəniləcək. Azərbaycanı layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində daha fəal olmağı tövsiyə edən Misir Mərdanov azərbaycanlı tələbələrə Təhsil Nazirliyinin müvafiq qurumları ilə mütəmadi əlaqə saxlamağın zəruriliyini bildirib.


Sonra Litvada təhsil alan azərbaycanlı tələbələr Misir Mərdanovla xatirə şəkli çəkdiriblər.

Keçirilən bütün görüşlərdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə