Almaniyalı professor ADU-nun müəllimlərinə təlim keçib

Almaniyalı professor ADU-nun müəllimlərinə təlim keçib

Azərbaycan Dillər Universitetində (ADU) Tempus layihəsi çərçivəsində Tərcümə fakültəsinin alman, ingilis, ispan dili ixtisaslarında tədris aparan müəllimlərinə, eləcə də II və III kurs tələbələrinə nümunəvi dərslər və treninqlər keçirilib. Bu barədə SİA-ya ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib. Fevralın 28-da start götürən təlimlər martın 3-dək davam edib.

Təlimləri Almaniyanın Leypsiq Universitetinin professoru, dünya səviyyəli tərcüməçi-alim Vladimir Kuts keçib. "Sinxron tərcümə texnikası", "Ardıcıl tərcümə texnikası", "Qeydgötürmə texnikası" və "Yaddaş texnikası" mövzularında keçirilən təlimlərdə V.Kuts tərcümə sənətinin geniş mənada, insanlar arasında ünsiyyət vasitəsi olduğundan danışıb. Almaniyalı professor dərslərdə tərcümə sənətinin tarixinə, formalaşma prosesinə toxunaraq hazırki vəziyyətinə də aydınlıq gətirib. O, tərcümənin ölkələr və xalqlar arasında gediş-gəlişi təmin edən körpü rolu olduğundan da bəhs edib. V. Kuts bildirib ki, bütün növ tərcüməçilər ana dilini və xarici dili yüksək səviyyədə bilməklə yanaşı, yüksək psixoloji yükü qaldırmaq bacarığına malik olmalıdır. Almaniyalı professor tərçüməçilərdən dillər arasında cəld əlaqə yaratmaq bacarığının tələb edildiyini təlim iştirakçılarının diqqətinə çatdırıb. Bu sahədə mövcud olan üsul və vasitələri təlim iştirakçılarına izah edib.

Qeyd edək ki, V.Kuts Almaniyanın Leypsiq Universitetinin Tətbiqi dilçilik və Tərcümə İnstitunun aparıcı mütəxəssisi kimi də fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə