Nazir: “Gec-tez Azərbaycanda 12 illik təhsilə keçilməlidir”

Nazir: “Gec-tez Azərbaycanda 12 illik təhsilə keçilməlidir”

"Dünyanın 200-dən çox ölkəsinin 90 faizində ümumtəhsil məktəbləri 12 illik təhsil müddətinə keçib. Azərbaycan da biz istəsək və ya istəməsək, gec və ya tez buna keçməlidir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, keçmiş dövr ilə müqayisə aparanda indi orta məktəblərin tədris planında 10-a qədər yeni fənn əlavə olunub: "Əvvəlki kimi 10-11 ildə bu fənlərin hamısını lazımi səviyyədə öyrənib başa çatdırmaq qeyri-mümkünüdür. 12 illik təhsil bizim arzumuzdur. Əgər bu, parlamentdə nəzərə alınarsa və ölkə başçısı tərəfindən dəstəklənərsə, o zaman bunun həyata keçirilmə mexanizmi hazırlanacaq".

M.Mərdanov ali məktəblərdə pedaqoji ixtisaslar üzrə hazırlanan kadrlar üçün internatura sisteminin tətbiqinə də münaisbət bildirib. O vurğulayıb ki, bu məsələ dünya təcrübəsində mövcuddur, yəni ali məktəbin bakalavr pilləsini bitirəndən sonra bir il, əsasən təcrübə yönümlü iş aparmaqla müəllim hazırlığına keçmək olar: " Buna internatura deyilir və bu da 10 illik milli təhsil strategiyasının parametrlərindən biridir. Əgər ölkə rəhbərliyi tərəfindən qəbul olunarsa, buna gedə bilərik".

Ali məktəblərin şəhərdən kənara köçürülməsinə gəlincə nazir qeyd edib ki, hələlik bir neçə ali məktəb üçün kampuslar tikilməkdədir. Onun sözlərinə görə, gələcəkdə bu məsələlər zamanla öz həllini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə