Abituriyentlərin ixtisas seçimi üçün ayrılan vaxt bu gün başa çatır

Abituriyentlərin ixtisas seçimi üçün ayrılan vaxt bu gün başa çatır

2011/2012-ci tədris ili üçün respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında uğurlu nəticə göstərərək müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçimi bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya veriyi xəbərə görə, bu gün saat 11:00-dək həmin abituriyentlərin 32363 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib. O bildirib ki, ixtisas seçimi ərizəsini təsdiq edən abituriyentərin 28139-u Azərbaycan, 4224-ü isə Rus bölməsinin məzunlarıdır. E.Nağızadənin sözlərinə görə, ixtisas seçimi edən 32363 abituriyentin 9490 I, 9413-ü II, 9341-i III, 4119-u isə IV ixtisas qrupuna sənəd verənlərdir.

"Ümumilikdə, bu il keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, 34000 abituriyent ixtisas seçimi mərhələsinə buraxılıb. Onlardan 1637 abituriyent hələ də ixtisas seçimi etməyib. İxtisas seçimi internet vasitəsilə aparılır və hər bir abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər", - deyə o əlavə edib.

E.Nağızadə qeyd edib ki, günün sonuna kimi ixtisas seçimi üçün ayrılan vaxtın uzadıla biləcəyi ehtimal olunur. O vurğulayıb ki, TQDK avqustun 4-də Azərbaycanın ali məktəblərində 2011-2012-ci tədris ili üzrə abituriyentlərin ixtisas seçimi prosesinin nəticələrini yayımlamağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə