Nazir müavini: “Yaşı 70-dən yuxarı olan işçilərin fəaliyyət göstərməsi üçün kriteriyalar müəyyənləşdirilir”-MÜNASİBƏT

Nazir müavini: “Yaşı 70-dən yuxarı olan işçilərin fəaliyyət göstərməsi üçün kriteriyalar müəyyənləşdirilir”-MÜNASİBƏT

"Hazırda səhiyyə sistemində 7100 nəfərə qədər yaşı 65-dən yuxarı səhiyyə işçisi var. Onlardan 1900-ü həkim, qalanları orta tibb işçisi və səhiyyə sahəsində çalışan işçilərdir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, "Dövlət qulluğu haqqında" qanuna yaş məhdudiyyəti ilə bağlı edilən əlavə və dəyişikliklər barədə qanunun səhiyyə sistemində icrasına başlanıb. Onun sözlərinə görə, 70-dən yuxarı olan tibb işçilərinin fəaliyyət göstərməsi üçün lazım olan kriteriyalar artıq Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir.

"Yaxın zamanlarda nazirlik bununla bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək və təkliflər hökumət tərəfindən təsdiq olunacaq. 65-70 yaş arasında olan tibb işçilərinin fəaliyyət müddətlərinin uzadılması üçün bir limit var. Tibb müəssisələrində çalışanların 2 faizə qədəri və işçilərinin say həddi 100-dən aşağı olan tibb müəssisələrində 2 nəfərin işləmə müddətinin 1 il uzadılması mümkündür. Yaşı 70-dən yuxarı olan işçilərin fəaliyyət göstərməsi üçün isə kriteriyalar müəyyənləşdirilir. Həmin müddəalara görə, ucqar yerlərdə müəyyən ixtisaslar üzrə mütəxəssislərin olmadığı təqdirdə, Səhiyyə Nazirliyi tərəfindən təltif olunan, elmi dərəcəsi olan 70 yaşdan yuxarı həkimlərin iş fəaliyyətini davam etdirməsi mümkündür", - deyə nazir müavini əlavə edib.

Nəzərə alınacaq kriteriyalara da aydınlıq gətirən E.Ağayev qeyd edib ki, işçilərin Səhiyyə Nazirliyi tərəfindən təltif edilməsi, elmi dərəcəsinin olması, bəzi ucqar yerlərdəki tibb müəssisələrində həkimlərə, mütəxəssislərə olan ehtiyac nəzərə alınacaq. 65 yaşlı işçilərin nə vaxtdan işdən çıxarılacağına gəlincə isə nazir müavini vurğulayıb ki, artıq bütün müəssisələrdə bununla bağlı işlərə başlanılıb və işçilərin siyahıları hazırlanıb. O, yaşı 65-dən yuxarı olan işçilərin işdən azad edilməsinin səhiyyə üçün böyük problem yaratmayacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə