Kurikulum islahatlarından xəbərsiz, latın qrafikalı əlifba ilə yazmağı bacarmayan təhsil işçisi
Yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə bağlı Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax, Samux, Şəki, Zaqatala rayonlarının ümumtəhsil məktəblərində aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, həmin rayonların təhsil şöbələri və ümumtəhsil məktəblərinin rəhbərliyi tərəfindən göstərilən iş sahəsində bir sıra təşkilati - metodik tədbirlər həyata keçirilmiş, ibtidai sinif müəllimlərinin müasir pedaqoji ideyalar əsasında peşəkarlıq səviyyəsinin artırılmasına diqqət yetirilib.
Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, rayon təhsil şöbələrinin fəaliyyət planlarında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 30 oktyabr 2006-cı il tarixdə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)", 3 iyun 2010-cu ildə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədlərindən irəli gələn tələblərin izahı və təbliği istiqamətində tədbirlər nəzərdə tutulmuş, təhsilyanı şuralarda fənn kurikulumları və qiymətləndirmə mexanizmlərinin tətbiqi vəziyyəti müzakirə edilmiş, seçmə yolla I-III siniflərdə işləyən müəllimlərin nümunəvi dərsləri təşkil olunmuş, "Öyrədənlərin öyrədəni" kursunu bitirən müəllimlər tərəfindən maarifləndirici seminar və "dəyirmi masa"lar keçirilib.
Bunlardan əlavə, ibtidai siniflər üzrə fənn metodbirləşmələri tərəfindən perspektiv planlaşma nümunələri hazırlanmış, qabaqcıl müəllimlərin nümunəvi dərsləri videolentə alınaraq əyani vəsait kimi məktəblərə verilib. "Kurikulum" jurnalında dərc olunmuş materiallar məktəblərdə sistematik müzakirə olunub. İbtidai sinif müəllimlərinin İKT bacarıqlarına yiyələnməsinə, valideynlərlə maarifləndirici tədbirlərin təşkilinə dədiqqət yetirilib.
Astara şəhər 2 nömrəli, Təngərüd, Selekəran kənd tam orta, Qəcimərdə kənd ümumi orta, Biləsuvar şəhər 4 nömrəli, Zəhmətabad kənd, Qusar şəhər 1, 2 və 5 nömrəli, Urva, Çiləgir, Avaran kənd, Xaçmaz şəhər 2, 3, 6, 8, 9 nömrəli, Xudat şəhər 2, 3, 4 nömrəli, Əbilyataq, Müzəffəroba, Müşkür, Yeni Həyat kənd, Qazax rayonu Çaylı, Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli, Şəki rayonu İnçə-Zunud kənd, Zaqatala rayonu Qandax kənd tam orta məktəblərində fənn kurikulumlarının tətbiqi ilə bağlı daha səmərəli iş aparılıb.
Araşdırma zamanı ibtidai sinif müəllimlərindən Mehman Ağayev (Astara, 2 nömrəli məktəb), Səlimə Abdullayeva (Astara, 5 nömrəli məktəb), Sevinc Fətullayeva (Astara, Təngərüd kənd məktəbi), Fatma Hüseynova (Astara, Şahağacı kənd 1 nömrəli məktəb), Sonaxanım Abbasova və Dilrubə Mənsimova (Biləsuvar, 4 nömrəli məktəb), Nəzakət Kərimova (Xaçmaz, Xudat şəhər 2 nömrəli məktəb), Tovuz Quliyeva (Xaçmaz, Aşağı-Zeyid kənd məktəbi), Lətifə Balakişiyeva (Qusar, 1 nömrəli məktəb), Gültac Hüseynova (Qazax, Çaylı kənd məktəbi), Məlahət Məmmədova (Samux, Qarayeri qəsəbə 1 nömrəli məktəb), Fərqanə Abdurrahmanova (Şəki, İnçə-Zunud kənd məktəbi) və Şövkət Məmmədovanın (Zaqatala, 3 nömrəli məktəb) müasir fənn kurikulumları ilə iş sahəsində müsbət təcrübə topladıqları və məqsədyönlü fəaliyyət göstərdikləri müəyyən edilib.
Bunlarla yanaşı, qeyd olunan rayonların bir sıra məktəblərində ibtidai sinif müəllimlərinin işə qəbulu, dərs bölgüsünün aparılması, təlim keyfiyyətinin təmin edilməsi, məktəbdaxili qiymətləndirmənin aparılması, məktəb rəhbərləri arasında maarifləndirici tədbirlərin təşkili sahəsində nöqsan və çatışmazlıqlara yol verildiyi, həmçinin müəyyən problemlərin olduğu da aşkara çıxarılıb.
Belə ki, əvvəlki illərdə zəruri ehtiyac olmadan müəllimlərin işə qəbulu, sinif komplektlərinin isə ilbəil azalması ibtidai siniflərdə işləyən müəllimlərin sayının sinif komplektlərinin sayından xeyli artıq olması ilə nəticələnib. Hazırda Astara rayonu üzrə 424 sinif komplektində 808, Biləsuvar rayonu üzrə 294 sinif komplektində 472, Şəki rayonu üzrə 623 sinif komplektində 1118, Zaqatala rayonu üzrə 375 sinif komplektində 827, Qazax rayonu üzrə 258 sinif komplektində 409, Samux rayonu üzrə 253 sinif komplektində 321 nəfər müəllim dərs aparır. Təhlil göstərmişdir ki, bu faktla əlaqədar vəziyyət Biləsuvar rayonu şəhər 2 və 4 nömrəli, Ağalıkənd kənd, Xırmandalı kənd 1 və 2 nömrəli, Astara şəhər 3 nömrəli, Ərçivan qəsəbə 4 nömrəli, Şiyəkəran kənd 1 nömrəli, Siyakü kənd, Maşxan kənd, Təngərüd kənd, Xaçmaz şəhər 3 və 7 nömrəli, Xudat şəhər 3 nömrəli, Qusar şəhər 3 nömrəli, Samux şəhər 1 nömrəli, Qarayeri qəsəbə 1 nömrəli, Sərkar kənd, Şəki şəhər 20 nömrəli, İnçə-Zunud kənd, Kiş kənd 1 nömrəli, Zaqatala şəhər 3 nömrəli, Əli Bayramlı kənd, Qandax kənd tam orta məktəblərində daha ağırdır. Eyni zamanda araşdırma aparılan rayonların bir sıra məktəblərində qeyri-qanuni olaraq eyni sinifdə iki, bəzən isə daha artıq müəllimin işləməsi halları mövcuddur.
Həmçinin müəyyən edilmişdir ki, müəllimlərin müəyyən hissəsinin fənn kurikulumlarında təsbit olunmuş məzmun standartlarının reallaşdırılması, qiymətləndirmə standartlarının tətbiqi, interaktiv təlim metodlarından səmərəli istifadə sahəsində bacarıqlarının təkmilləşdirilməsinə hələ də ciddi ehtiyac vardır. Aparılmış sorğular nəticəsində məlum olmuşdur ki, müəllimlərin təxminən 30 faizi həmin məsələlərin həyata keçirilməsində çətinlik çəkirlər.
Qeyd olunan rayonlar üzrə fəaliyyəti öyrənilən məktəblərdə I-III sinif şagirdlərindən 20-30 faizinin oxu və yazı bacarıqlarının indiki tələbləri ödəmədiyi aşkara çıxarılıb. "Ana dili", "Riyaziyyat", "Həyat bilgisi" fənlərindən isə təlim nəticələri testlər vasitəsilə yoxlanarkən keyfiyyət göstəricisi Biləsuvar (31,6 faiz), Zaqatala (28,2 faiz), Şəki (26,4 faiz) rayonlarında xeyli aşağı olub.
Rayon təhsil şöbələrinin məsləhətçilərinin və bütövlükdə metodkabinetlərinin fənn kurikulumlarının tətbiqi istiqamətində məktəb rəhbərlərinə və müəllimlərə metodik köməkliyi lazımi səviyyədə deyildir, bu vacib məsələnin həyata keçirilməsində məqsədyönlü sistem yaradılmayıb. Aşkara çıxarılan nöqsan və çatışmazlıqların başlıca səbəbi də bilavasitə bu amillə bağlıdır. Acınacaqlı haldır ki, Astara RTŞ metodkabinetinin metodisti T.Əsgərov nəinki kurikulum islahatlarından xəbərsizdir, o hətta latın qrafikalı əlifba ilə yazmağı belə bacarmır.
Həmçinin məlum olub ki, Astara, Xaçmaz və Qusar rayonlarının məktəblərində II-III siniflər üzrə ana dilindən mövzular illik planlaşdırılarkən tədris planının tələbləri gözlənilməmiş, azsaylı xalqların dillərinin tədrisinə 2, Azərbaycan dili üçün 8 saat nəzərdə tutulsa da, bu siniflərdə Azərbaycan dilindən planlaşma 10 saatla aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB