"Təhsil keçmişimizə qayıtmaqla təhsilimizi xilas edə bilərik" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün Azərbaycan təhsilinin ehtiyacı olan ən böyük meyar, təhsilimizdə dəyişiləcək ən birinci məsələ təhsilə olan yanaşmadır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, bu gün biz bəzən məktəbə məktəb kimi, onun öz mahiyyəti, fəlsəfəsinə uyğun yox, tamam başqa, repetitorluq institutunun kölgəsində qalan, funksiyası yalnız universitetə uşaq hazırlayan bir müəssisə kimi baxırıq: "Qətiyyən elə deyil. Bu gün məktəbin funksiyasının ali olması insanı fərddən şəxsiyyətə yetişdirmək mərhələlərinin məhz məktəbi əhatə etməsi fikri Azərbaycan təhsilində yenidən yansılanmalıdır. Bu gün bizim təhsilimizə bir yanaşma olaraq onun fəlsəfəsinə uyğun münasibət yoxdur. Təhsil dediyimiz universitet amilini, ali məktəb məsələsini ölüm-qalım məsələsinə çevirməməlidir. Təhsil sistemi məktəbə də fərqli prizmadan baxmalıdır, universitetə də. Təhsil prinsipinin əsas missiyası insanın şəxsiyyətyönümlü formalaşması üzərində qurulmalıdır. İndi təhsilimizdə bu, icra olaraq çatışmır. Verilən qərarların daxilinə baxanda görürük ki, vizyon olaraq bu, nəzərdə tutulur. Əsrin tələbləri, gələcəyin ümumi prinsipləri yüksək şəkildə nəzərə alınır. Rəqəmsal bacarıqlar, peşə təmayüllü siniflər, sabahın alimləri, bu kimi layihələr var ki, təhsilin gələcək parametrləri üzrə olaraq düşünülüb. Amma ümumən cəmiyyətin təhsilə olan münasibəti hələ də birmənalı şəkildə deyil. Çox bəsitdir desək, qətiyyən yanılmarıq".

"Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bizim təhsilimizin milli təhsil modeli olmalıdır. Biz nə qədər ki, Sinqapur, Finlandiya, Koreyanın təhsil təcrübələrini özümüzə tətbiq etməyə çalışsaq, heç vaxt uğurlu ola bilmərik. Çünki tətbiq olunan təhsil modeli cəmiyyətin müəyyən intellektual və digər göstəriciləri nəzərə alınaraq tətbiq olunur, həyata keçirilir. Yanaşmalar öyrənilir, araşdırmalar aparılır. Sinqapur gəncinə təsir etmək mexanizmləri nə ola bilər? Oranın təhsil modeli bunun üzərində qurulur. Axı biz bunu Azərbaycana gətirməklə böyük bir yanlışlığa yol vermiş olarıq. Biz hər hansı ölkənin təhsil modelindən müəyyən elementləri özümüzə əks etdirə bilərik. Bütünlükdə tətbiq edə bilmərik, cəhd də göstərməməliyik. Buna görə də bizim milli təhsil modelimiz yaranmalıdır. Həm milli özünüdərk, həm xüsusi milli təfəkkür, milli şüur meyarları, həm dünyəvi, bəşəri təfəkkür prinsipləri bu təhsil modelində özünü əks etdirməlidir. Azərbaycan dediyimiz bir təfəkkür coğrafiyası olaraq Şərqlə Qərbin bir sintezi, ortaq nöqtəsi olub. Bu gün məktəbimiz deyəndə məhz bu coğrafiyaların varisi rolunu oynamalıdır. Orta əsr İslam Şərqində, Orta əsrlərin Azərbaycanındakı mədrəsələr dünyəvi elmlərin təbliğinə görə bir çox Qərb məmləkətlərinə həmişə nümunə olub. Biz Orta əsr mədrəsə təhsilini deyil, onun fəlsəfəsini qaytarmalıyıq. 11-17-ci əsrlərin məktəb, müdərris anlayışı, fəlsəfəsi Qərb elmləri ilə bəşəri elmlərin sintezi, əxlaqla idrakın uyumu təhsilə gəlməlidir. Biz öz təhsil keçmişimizə qayıtmaqla təhsilimizi xilas edə bilərik" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə