"Xarici ölkələrin təcrübəsindən istifadə olunmalıdır" - EKSPERT FİKRİ

“Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə​ tam mənimsətməyi öyrənməmişik, ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Nadir İsrafilov sözlərinə belə davam edib: “Ev tapşırığının verilib-verilməməsi nə dünənin, nə də bu günün məsələsi olmayıb, uzun illərdən bəri dartışdırılan, heç də hamı tərəfindən birmənalı qarşılanmayan məsələdir. Ən çox vurğulanan məqam isə bu gün təhsil sahəsində mövcud olan əsas problemlərdən biri kimi dərs proqramının ağırlığı və ​ şagirdlərin həddən çox ev tapşırığı ilə yüklənməsidir.

Bir çoxları hesab edir ki, ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir. Əksinə, şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları təhsildən, məktəbdən uzaqlaşdırır. Şagirdlərin dərs yükünün ağırlığı, onlara verilən ev tapşırıqlarının çoxluğu valideynləri də çox narahat edir. Valideynlərdən də hesab edənlər var ki, övladları dərsdən sonrakı vaxtlarının çox hissəsini ev tapşırıqlarının həllinə sərf edirlər. Nəticədə yorulur və ​asudə vaxt keçirə bilmirlər.

Ümumiyyətlə götürdükdə razılaşmalıyıq ki, dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqları, müəllimlərin tələb etdikləri test və digər əlavə vəsaitlərin çoxluğu təhsilimizin əsas problemlərindən biridir. Bu gün bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə elə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək edə bilmirlər. Halbuki, ev tapşırığının məqsədi dərs zamanı keçilən yeni mövzunun möhkəmləndirilməsinə hesablanmalıdır.

Başqa sözlə proqram materialı əsasən dərs prosesində mənimsənilməli, evə isə bu materialın hafizədə möhkəmləndirilməsinə xidmət edən konkret və hafizəyə yönəlik tapşırıqlar verilməlidir. Şagirdlər bütün mövzu və mətnləri sinifdə öyrənməlidir. Çünki, təhsil məktəbdə verilir. Şagirdlərə daha çox tapşırıq verildikcə onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək.

O da nəzərə alınmalıdır ki, kurikuluma əsasən, ​ibtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir. Birinci sinfə isə ümumiyyətlə ev tapşırığı verilməməlidir. Şagirdlər dərsi dərsdə öyrənməli, qavramalı, tapşırıqları da sinifdə həll etməlidirlər. Şagirdin qavraması zəifdirsə, dərsi yaxşı mənimsəyə bilmirsə belə şagirdlərə yüngül ev tapşırıqları verilə bilər. Ən önəmlisi odur ki, şagirdlərə verilən tapşırıqlar yaradıcı olmalı, onu oxumağa həvəsləndirməlidir. Hər şeyin həddi olduğu kimi veriləcək ev tapşırıqlarının da bir həddi, hüdudu olmalı, bununla bağlı müəyyən limit tətbiq olunmalıdır. Xüsusilə də ibtidai siniflərin ev tapşırığında.

Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə​ tam mənimsətməyi örənməmişik ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik.​ Bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələ isə dərs keyfiyyətini yüksəltmək yolu ilə tapşırıqların həcmi və ağırlıq dərəcəsini azaltmaqdan ibarət olmalıdır. Bir sözlə, hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar. O ki, qaldı dünya təcrübəsinə, bir sıra xarici ölkələrdə şagirdlərin ​dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqları tamamilə ləğv edilib. Bəzi ölkələrin məktəblərində isə ev tapşırıqlarının həcmi minimuma endirilib

Məsələn, Böyük Britaniyanın bəzi şəhərlərində şagirdlərin dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqları tamamilə ləğvi olunub. İngiltərənin başqa məktəblərində, həmçinin Almaniyada da bu təcrübədən yararlanırlar. Finlandiya təhsil sistemi dünyada öndə gedən təhsil sistemlərindən biridir. Finlandiyalı şagirdlər ev tapşırığı yükündən azaddırlar. Ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər. Fin təhsilinin tədrisi çox bəsitdir. Müəllimlər gün ərzində sinifdə ortalama dörd saat dərs keçirlər, ancaq bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar. Şagirdlərə ev tapşırığı verilmir ona görə ki, finlilərə görə öyrənmənin yeri məktəbdir. Fikrimcə, Azərbaycanda da sözügedən xarici ölkələrin təcrübəsindən istifadə olunmalıdır.

Təhsil Nazirliyindən isə bildirilib ki, ev​ tapşırıqları​ təlimin ​ fərdi​ təşkili​ formasıdır.​ Onlar​ müxtəlif​ vəzifələri​ yerinə yetirir. Belə ki, ​ dərsdə​ keçilən​ materialları​ möhkəmlətmək,​ dərinləşdirmək,​ nəzəri​ biliyi​ tətbiq etmək, növbəti mövzunu mənimsəməyə hazırlaşmaq və s. Fəndən​ və​ mövzudan​ asılı​ olaraq​ ev​ tapşırıqları​ şifahi,​ yazılı,​ əməli​ xarakterdə​ ola bilər. Ev tapşırıqları bir sıra tələblərə uyğun olaraq verilməlidir. Məsələn, tapşırığın məqsədi və icra qaydası şagirdlərə aydın olmalı. Tapşırıqlar məzmunca rəngarəng olmalı,​ ev tapşırıqları mümkün qədər yaradıcı xarakter daşımalıdır. Ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə