Ali təhsil, yoxsa peşə təhsili? - ARAŞDIRMA

Təhsil almaq, müəyyən peşəyə sahib olmaq hər bir gəncin qarşısına qoyduğu məqsədlərdəndir. Lakin son zamanlar peşə təhsilinə maraq azalıb. Hüquqşunasların, həkimlərin, mühəndislərin sayı çoxaldığı halda, qaynaqçılara, dərzilərə, aşpazlara tələbat artıb. Bəs nə üçün bizdə hamı diplom ardınca universitetə qaçır? Peşə təhsili önəmli deyilmi? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Ümumiyyətlə, araşdırmaya ilk növbədə peşə təhsili barədə məlumat verməklə başlayaq. Peşə təhsilinin hansı növləri və səviyyələri mövcuddur?

Peşə təhsilinin səviyyələri:

1. ilk peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri və metodiki hazırlıq;

2. texniki peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq;

3. orta peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq.

Peşə təhsili müəssisələrinin növləri:

1. peşə məktəbi;

2. peşə liseyi;

3. peşə təhsil mərkəzi.

Diplom kimə lazımdır? Şagirdə, yoxsa valideynə?

Son illər ölkəmizdə cəmiyyət arasında bir tendensiya formalaşıb. Orta məktəbi bitirən hər bir məzun nə olursa-olsun, universitetə qəbul olub, ali təhsil almalıdır. Bu işdə xüsusilə canfəşanlıq göstərən valideynlər düşünmürlər ki, övladlarını bəzən məcburi ali təhsilə yönləndirməkdənsə, hansısa peşəyə, sənətə yiyələndirmək lazımdır. Axı hər bir gənc təhsil sahəsində uğur qazana bilməz. Hər kəsin öz maraq dairəsi, bacarıq sahəsi var.

Elə buna görə də, peşə seçimi insan həyatının mühüm qərarlarından biridir. Bu qərarın verilməsilə gələcək həyatın bütünlüklə dəyişməsi ehtimalı nəzərə alınmalıdır. Amma son zamanlar məktəbi bitirən şagirdlər bilik və bacarığından asılı olmayaraq, yalnız ali məktəbə daxil olmağa can atırlar.

Axı, hər kəsin ali təhsil almaq kimi bir öhdəliyi, məcburiyyəti yoxdur. Gəncləri seçdikləri və ya bacardıqları peşəni öyrənmək və mükəmməlləşdirmək üçün istiqamətləndirmək lazımdır. Nəinki universitet oxumağa və ya diplom sahibi olmaq üçün ali təhsil almağa məcbur etmək. Bununla da hüquqşünasların, mühəndislərin, mühasiblərin, iqtisadçıların, həkimlərin sayının artması ilə yanaşı, mükəmməl aşpazların, bərbərlərin, stilist, dizayner, dərzi və digər peşə sahiblərinin də sayı xeyli artar. Təəssüf ki, cəmiyyətimizdə hələ də peşə təhsilli insanların bilik səviyyəsinin aşağı olduğunu fikirləşənlər və bu sahəyə biganə yanaşanlar var.

Maraqlıdır, bəs son zamanlar peşə təhsilinə maraq niyə azalıb?

Təhsil eksperti İlqar Orucov bildirib ki, günümüz dünyasında artıq trendlər dəyişməkdədir və müasir peşə sahiblərinə ehtiyac var: “Universitetlər hər zaman intellektual kəsimi formalaşdıran təhsil ocaqları olaraq fəaliyyət göstərəcək. Lakin əmək bazarının tələblərini nəzərı alsaq görərik ki, artıq qısa zaman kəsiyində hər hansı peşə yönümlü ixtisasa yiyələnmək mümkündür. Məsələn, İT, proqramlaşdırma, mühasibatlıq üzrə universitetlərdə 4 ilə qazanılan bilikləri indi müxtəlif kurslarda bir neçə aya əldə etmək mümkündür. Bir sıra ixtisaslar müasir dövrdə texnologiyanın inkişafı ilə bərabər köhnəlməkdə və onlara olan ehtiyac da azalmaqdadır. Ölkəmizdə gənclər arasında günün aktual ixtisasları, gələcəyin tələb olunan ixtisasları haqqında təbliğat aparılmır, məlumat qıtlığı var. Cəmiyyətdə düzgün təbliğatla yanaşı, ölkədə peşə təhsili verən müəssisələr yaradılmalı və inkişaf etdirilməlidir. Söhbət dərzi, bənna, çəkməçi və ya dülgər kimi klassik peşələrdən getmir, bunlar hər zaman olub və olacaq. Müasir peşələri öyrədən peşə məktəblərimiz varmı, bunların qurulmasına maliyyə ayrılırmı? Təəssüf ki, bu məsələ ilə bağlı ciddi boşluqlar var. Gənclər, ailələr arasında, eyni zamanda məktəblərdə peşələrin düzgün təbliğ olunmasına ehtiyac var. Universitetlərə qəbul zamanı yüksək nəticə göstərən gənclər istisna olmaqla, orta və aşağı nəticə göstərənlərin peşəyə yönəldilməsi gələcəkdə onların əmək bazarında özlərinə yer tapmalarına, cəmiyyətin işçi qüvvəsini formalaşdırmalarına və iqtisadi inkişafa təkan vermələrinə fayda verəcəkdir. Məktəbi bitirən gənclərin demək olar ki, böyük əksəriyyətinin universitetlərə axışması həm də cəmiyyətdəki stereotiplərdən qaynaqlanır. Valideynlər düşünürlər ki, övladları üçün yaxşı gələcək, onların karyera qurması, uğurlu iş həyatının yolu yalnız universitetlərdən keçir. Ali təhsilini bitirəndə isə məzunların bir hissəsi işsiz qalır, yiyələndikləri ixtisası bir kənara qoyub tamam başqa sahələrə yönəlirlər. Praqmatik düşüncəli və gələcəyə yönəlik addımlar atan gənclər yetişdirmək lazımdır”.

Peşə məktəblərinin formal olması...

Hələ sovet dövründə Azərbaycanda peşə məktəbləri formal təhsil strukturu idi. Tələbələr orada faktiki ixtisasları üzrə lazımı peşəyə yiyələnmirdilər və onlara normal dərslər də keçirilmirdi. Həmin şəxslər daha sonra əmək prosesində praktika sahəsində öz peşələrini öyrənirdilər. Nəticədə bu insanlar peşə təhsili olmayan insanlardan peşəkarlıqlarına görə fərqlənmirdilər. Bu da cəmiyyətdə normal olaraq peşə təhsilinə "barmaqarası baxış"ı formalaşdırırdı. Bu gün də peşə məktəblərimizdə olan təlim-tədris prosesi sovet dövrünün formaca yeni xarakterli nümunəsidir. Peşə məktəblərində oxuyan tələbələr əsasən məktəb rəhbərliyinin və müəllimlərin dost-tanışı və qohum əqrabasıdır. Orada normal dərslər keçirilmir, tələbələrdə peşəyə heç bir həvəs yaradılmır, çünki o müəllimlərin özləri də əslində formal müəllimdir. Onlar ixtisas bilicisi deyillər.

Peşə məktəbləri niyə önəmlidir?

Peşə təhsili təkcə bu sahədə təhsil alanların özü üçün yox, həm də rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Əmək bazarının tələblərinə uyğun kadr hazırlayan peşə təhsili sisteminin yaradılması böyük əhəmiyyət kəsb edir. Peşə təhsili və təliminin ümumi iqtisadi inkişafdakı əhəmiyyətini nəzərə alaraq, bir çox ölkələr bu sahənin inkişafı üzrə proqramlar hazırlayır və həyata keçirir. Son illərdə ölkə iqtisadiyyatında risklərin idarə olunması, qeyri-neft sektorunun davamlı inkişafının təmin olunması istiqamətində aparılan məqsədyönlü islahatlar ölkədə əlavə dəyər yaradan sektorların inkişafını təmin etməklə yanaşı, əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla, bu tələbatın ödənilməsinə imkan verən çevik və bazaryönümlü peşə təhsili sisteminin qurulmasını zəruri edir.

İstənilən peşə məktəbini bitirib sonra universitetdə oxumaq olarmı?

Peşə təhsili müəssisələrinin təhsil səviyyələri arasında keçid qaydaları qəbul edilib və bu qaydalar peşə təhsili üzrə bir səviyyədən digər səviyyəyə keçid prosesini tənzimləyir. Müvafiq qaydalara uyğun olaraq tələbələrin peşə təhsilinin yüksək pilləsi olan yüksək texniki peşə təhsili proqramlarına keçidi və bu vasitə ilə məzun olduqdan sonra ali təhsilə imtahansız keçid imkanları yaranır.Həmçinin, peşə təhsilinə ümumi orta təhsil bazasından qəbul olunan və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alan tələbələr buraxılış imtahanlarında iştirak etməklə ali təhsil müəssisəsinə qəbul ala bilərlər. Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul yalnız yüksək texniki peşə təhsil səviyyəsinə şamil edilir.

Peşə məktəblərinə marağı necə artıraq?

Ekspertlərin qənaətincə isə, bu sahəyə marağı artırmaq üçün, ilk növbədə, bütün peşə məktəblərində müasir avadanlıqlarla təchiz olunmuş emalatxanalar olmalıdır. Əgər bu olmasa, təkcə nəzəriyyəni öyrənməklə ciddi nəticələr qazanmaq olmaz. Mütəxəssislər hesab edirlər ki, bu gün müasir avadanlıqlarla, texnologiyalarla işləməyi bacaran peşə sahibləri yetişməlidir. Əgər belə olarsa, xaricdən işçi qüvvəsinə ehtiyac qalmayacaq.

Peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır. Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15 faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili Fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra, öz növbəsində, bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur.

Peşə təhsilinin səviyyəsi əmək bazarına gedən ən qısa yol sayılır.

Dövlətimiz yeni nəslin yüksək səviyyədə hazırlanmasına böyük əhəmiyyət verir və bunu cəmiyyətin gələcəyinin təmin edilməsinin əsas amillərindən biri sayır. Təlim-tərbiyənin mühüm tərkib hissələrindən biri olan peşəyönümü də bu sahələrdəndir. Peşəyönümü dövlət əhəmiyyətli işdir. Bu iş elə bir istiqamətə yönəldilir ki, onun müvəffəqiyyətlə həll edilməsi nəticə etibarilə dövlətin kadr hazırlığı siyasətinin həyata keçirilməsinə səbəb olur. Bu baxımdan da peşəyönümü işində dövlət maraqlarının olması və onun bu maraqlara uyğun şəkildə qurulması fəaliyyət prosesində əsaslanılan əsas prinsiplərdən birinə çevrilməlidir. Müəllimlər, tərbiyəçi və valideynlər bu məsələnin dövlətimiz və cəmiyyətimiz üçün nə dərəcədə vacib olduğunu bilməli, dövlət və cəmiyyətin tələblərini nəzərdən qaçırmamalıdırlar.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə