Şəhər və kənd məktəbləri arasındakı fərq NƏDİR? - MÜNASİBƏT BİLDİRİLDİ

"Şəhər və kənd məktəbləri arasında təhsil və tərbiyə fərqləri, burada ətraf mühitin təsiri məsələsi çox ciddi olduğu qədər də kölgədə qalmış məsələdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.

O bildirib ki, bu məsələnin işıqlandırılmasına və təhlilinə ciddi ehtiyac vardır: "Ötən həftə televiziya kanallarının birində bu mövzu ilə bağlı müzakirə getdi. Bəli, gəlin etiraf edək ki, bu gün də şəhər və kənd məktəbləri arasında təhsil və tərbiyə məsələsində müəyyən fərqlər var. Hələ ki, təhsil istiqamətini bir kənara qoyaq. Təlim-tərbiyə məsələsinə toxunaq. İnsan, şagird, müəllim amili hər yerdə - şəhərdə, kənddə də eynidir. Amma burada nisbət məsələsi var.

Şəhərdə tərbiyə məsələsi daha çox qınaq obyektinə çevrilir, şagird davranış pozuntularına daha çox rast gəlinir, yoxsa kənddə?

Birmənalı şəkildə buna daha çox şəhər məktəblərini misal göstərə bilərik. Şəhər məktəbləri elədir ki, burada məktəb daha çox sosiallaşır. Məktəb kəndin atributuna çevrilir. Burada məktəbdəki müəllimlər, direktor kəndin daim içində olurlar. Şagirdlərin valideynləri ilə tez-tez ünsiyyət qurmaq imkanları var, hamı bir-birinin evini tanıyır, hamı bir-birinin üzünü görür, salamlaşır, müəyyən məsələlərdə hörməti qorumağa məcbur olurlar. Kənd mühitində böyüyən hər bir şəxs mənim fikrimi təsdiq edə bilər. Bu kənd daxilində münasibətlər, coğrafi olaraq yaşayış obyektindəki münasibətlər oradakı məktəbə də öz təsirini göstərmiş olur. Təbii ki, istisnalar hər yerdə var. Bəzən kənd məktəbində elə biabırçı hadisə ola bilər ki, onun şəhər məktəblərində baş verməsi ehtimal olunmaz. Amma biz ümumi nisbət məsələlərindən danışırıq. Məsələn, kənd məktəbləri hər zaman müəllim amilinə şəhər məktəblərindən daha yaxşı diqqət yetirib".

"Kənd mühitinin məktəbə təsiri özünü bu gün daha çox təlim-tərbiyə məsələsində göstərir. Tədris məsələsində isə şəhər və kənd məktəbləri arasında böyük fərqlər var. Burada da istisnalara rast gəlirik. Elə kənd var ki, ziyalılığı, məktəbə təsir ənənələri ilə fərqlənir, onun göstəriciləri, universitetə qəbul olunan şagirdlərin sayı, ümumi nəticələr rayon üzrə görürük ki, ilk sıralardan birini tutur. Məsələn, Tovuz, İsmayıllı, Lənkəran, Şirvanda bu cür kəndlər var. Onların təhsil ənənələri çox yüksəkdir və şagird nəticələri hər il yüksək sıralarda olur. Amma bunlar istisnadır. Biz isə ümumi gerçəklikdən danışırıq. Ümumi götürdükdə bu gün şəhər məktəbləri kənd məktəblərini qabaqlayır. Səbəblər məlumdur. Mövcud infrastruktur, müəyyən şərait, mühit buraya misaldır. Məktəbin canı mühitdir. Deyə bilərsiniz ki, dövlət kitabları pulsuz verir. 7-ci sinifdə oxuyan şagirdə kənddə, şəhərdə də oxusa, həmin kitab verilir. Yaxud da, tədris proqramı vahiddir. Fərq mühitdədir. Məktəb sosial mühitdir. Şəhər məktəblərində yenilikləri izləyib təqib etmək daha rahatdır. Burada münasibətlər sistemi var. Bu münasibətlər sistemi həmişə şəhəri kənddən bir pillə önə çıxarır" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə