Asiya ölkələri ilə elmi əməkdaşlığa doğru daha bir addım - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti, professor doktor Əhməd Nuri Yurdusevlə görüşüb. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə professor Əhməd Nuri Yurdusev bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına üzv seçilməsi münasibətilə akademik İsa Həbibbəylini təbrik edib. AMEA ilə AASSA arasında yeni yaradılmış əlaqələrin əhəmiyyətinə toxunan professor Azərbaycan Milli Elmlər Akademiyasının Asiya qitəsində fəaliyyət göstərən yüksək elmi qurumlarla əməkdaşlığına geniş şərait yaradılacağını qeyd edib. Professor Əhməd Yurdusev bu il AASSA tərəfindən Asiya qitəsi ölkələrində keçiriləcək 4 beynəlxalq tədbirə üzv ölkə kimi ilk dəfə olaraq Azərbaycan alimlərinin də dəvət ediləcəyini vurğulayıb. Bildirib ki, bununla da beynəlxalq elmi əməkdaşlıqda yeni perspektivli layihələrə başlamağa imkan yaradılacaq.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın AASSA-ya üzvlüklə əlaqədar müraciətinə müsbət cavab verildiyinə görə Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının prezidenti, professor Əhməd Nuri Yurdusevə minnətdarlığını ifadə edib, bu böyük elmi təşkilatın tədbirlərində və layihələrində AMEA alimlərinin də yaxından iştirak edəcəyini bildirib. Rəhbərlik etdiyi qurumun dünyanın aparıcı beynəlxalq elmi təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının AMEA-nın proritet istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini nəzərə çatdıran akademik İsa Həbibbəyli bununla bağlı müvafiq addımlar atıldığını diqqətə çatdırıb.

Görüş zamanı AASSA-nın əhatə etdiyi ölkələrdə keçiriləcək elmi tədbirlərdə və layihələrdə iştirakla əlaqədar əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyası Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi olaraq tərkibinə daxil olduğu ilk beynəlxalq qurumdur. Baş ofisi Cənubi Koreyanın Seul şəhərində yerləşən bu qurum 34 ölkənin Elmlər Akademiyalarını əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə