İşə qəbul üçün təcrübə problemini necə həll etmək olar? - TƏHSİL EKSPERTİ DANIŞDI

“Hesab edirəm ki, hazırda mövcud olan işsizlik probleminin başında ixtisas seçimi dayanır. Çünki abituriyent vaxtı ya valideynlərin təzyiqi, ya da məlumatsızlıq ucbatından yanlış seçimlər edilir. Nəticədə, 4-5 il oxuyub məzun olduqda məlum olur ki, seçilən ixtisas əmək bazarına uyğun deyil. Nəzərə almalıyıq ki, Azərbaycan universitetlərində olan ixtisasların 50-60%-i həm Azərbaycan, həm də dünya əmək bazarı üçün yararsızdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə, bizim gənclər məzun olduqdan sonra iş tapa bilmir: “Çünki hansı şirkətə yaxınlaşırlarsa, onlardan təcrübə tələb edirlər. Bu bir tərəfdən sərt bir addımdır, digər bir tərəfdən isə başa düşüləndir. Bu eyni zamanda tələbələrin özünü inkişaf etdirməsindən də asılı olan məsələdir. Elə gənclər var ki, artıq 3 və ya 4-cü kursda oxuyarkən işləyib, təcrübə əldə edirlər. Əvvəllər bəzi şirkətlər universitetlərlə əməkdaşlıq edərək eynilə inkişaf etmiş ölkələrdə müşahidə olunan proyektləri Azərbaycanda tətbiq edirdilər. Müxtəlif sahələr üzrə təhsil alan tələbələri seçir, onlara həm təcrübə, həm də təqaüd verirdilər. Məzun olduqdan sonra isə həmin tələbələr artıq yetişmiş kadr olurdu. Bu, əlavə vaxt sərf etməmək baxımından da yaxşı idi”.

Ekspert sözlərinə davam edərək bildirib ki, günümüzdə şirkətlər sanki az maaşla bir çox işi bacaran kadr axtarırlar: “Gənclər isə birbaşa yüksək maaşla daha yaxşı yerdə işləmək istəyirlər. Heç kim özünü əziyyətə salmaq istəmir. Hər iki nüansda da çətinlik var və hər iki halda da çətinə düşən tərəf yeni məzun olmuş gənclərimizdir.

Əlavə olaraq da qeyd etməliyəm ki, hər hansı universitet məşğulluq agentliyiylə birgə əmək yarmarkası təşkil edir. Mən indiyə kimi bu əmək yarmarkasından yararlanan bir gənc görməmişəm. Olubsa da, yüzlərlə gənc arasından çox az sayda olub. Bunu yaxşı bir şəkildə sistemləşdirmək olar. Şirkətlər ali təhsil müəssisələri ilə əlaqədə olmalı, uyğun tələblər irəli sürməli və yeri gəldikdə gənclər üçün təqaüdlər də ayırmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə