Elitar Gimnaziyada Milli Qəhrəman Polad Həşimovun xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günü münasibətilə Elitar Gimnaziyada anım tədbiri keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, gimnaziyadan bildirilib ki, tədbirdə Polad Həşimovun həyat yoldaşı Ofelya Həşimova və övladı Davud Həşimov, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, gimnaziyanın müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

Şagirdlər qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qələbəsindən danışıblar.

Diqqətə çatdırılıb ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Tədbirin sonunda məktəblilər ədəbi-bədii kompozisiya təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə