“Təhsil dövlətimizin əsas prioritet sahələrindən biridir” - DEPUTAT DANIŞDI

“Təhsil sistemi dövlətimizin əsas prioritet sahələrindən biridir. Dövlət başçımız cənab İlham Əliyev də təhsilə xüsusi qayğı ilə yanaşır. Hər il dövlət büdcəsindən elm və təhsilə ayrılan vəsait artırılır. Bu da bir daha dövlətin təhsil sahəsinə olan diqqətinin nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu gün gənclərimizin daha savadlı olması, yüksək səviyyəli kadr hazırlıqlarının aparılması üçün respublikada böyük işlər aparılır: “İstər cənab Prezident, istər birinci vitse-prezident Mehriban xanım Əliyeva rayonların ucqar kəndlərində və ya Bakı şəhərində yeni məktəblərin tikilməsi, mövcud olanların təmir olunmasına olduqca böyük əhəmiyyət verirlər. Bu isə təbii ki, təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir.
Lakin təhsil sistemimizdə heç bir problem olmadığını deyə bilmərik. Müəyyən problemlərin olması isə təbiidir. Bu gün gənclərimiz də öz üzərlərində çalışırlar. Xüsusilə də müxtəlif dillərə yiyələnirlər ki, bunun da öz üstünlükləri var.
Azərbaycanda təhsil sahəsində görülən işlərə bir prizmadan baxmaq düzgün deyil. Hazırda təhsilə dövlət qayğısı yüksək səviyyədədir. Lakin bununla bərabər təhsilin səviyyəsini daha da artırmaq üçün görüləcək işlər çoxdur və bu istiqamətdə də addımlar atılır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə