Töhmət alan məktəb direktorları yenidən işlə təmin oluna bilər? - QURUMDAN AÇIQLAMA

Bildiyimiz kimi, son vaxtlar müəllimlərin töhmətalma halları artıb. Bəs, töhmət alan məktəb direktoru yenidən işlə təmin oluna bilər, yaxud yenidən direktor vəzifəsində çalışa bilərmi? Bu barədə SİA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cu maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur: “İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa, işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.

İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə