“Məktəbdə...” növbəti görüş - FOTOLAR

“Məktəbdə...” layihəsində növbəti görüş Bakı şəhəri 46nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı “ASAN Radio”nun direktoru, jurnalist, radio və televiziya aparıcısı Emin Musavi olub. SİA xəbər verir ki, qonaq əvvəlcə məzunu olduğu məktəblə tanış olub, ona dərs deyən müəllimləri ilə görüşüb, söhbətləşib.

Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə E.Musaviməktəb illəri, sevimli müəllimləri ilə bağlı xatirələrindən, məktəb həyatında yadda qalan hadisələrdən söz açıb. Qonaq hər peşədə, sənətdə fərqlənməyi bacarmaq üçün təşəbbüskarlıq göstərməyin vacibliyindən, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillərdən, mütaliənin üstünlüklərindən, informasiyanın insan həyatındakı rolundan, öyrədici informasiyanı seçmək bacarığından danışıb, şagirdləri düşündürən suallara aydınlıq gətirib.

Məktəblilərlə görüş Baku TV onlayn televiziyası və AzEdu Təhsil Portalı tərəfindən də işıqlandırılıb.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə