Naxçıvan Muxtar Respublikası: DAVAMLI İNKİŞAF VƏ İQTİSADİ ARTIM

Naxçıvan Muxtar Respublikası: DAVAMLI İNKİŞAF VƏ İQTİSADİ ARTIM

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

Artıq 2022-ci ilin birinci yarısı geridə qalmışdır. Naxçıvan Muxtar Respublikası yeni iqtisadi inkişaf mərhələsində də iqtisadi artıma davam etməkdədir. Birinci yarım ildə muxtar respublikanın iqtisadi inkişafı artım dinamikasına malik olmuş və bu, ölkənin milli iqtisadiyyatı üçün etibarlı dayaqlar yaratmışdır. Uzunmüddətli iqtisadi prioritetlərin reallaşması istiqamətində qətiyyətli addımların atılması, ölkənin iqtisadi və sosial islahatlar mühitinin səmərəli nəticələrinə təminat yaratmaqdadır ki, bu da, öz ifadəsini regional iqtisadi inkişafda da tapmaqdadır. 2004-cü ildən uğurla icra olunan regional inkişaf üzrə Dövlət proqramları hazırda dördüncü mərhələsinin icarı ilə makroiqtisadi inkişafın dayanıqlı təsisatlarını da yarada bilmişdir. Bəhs olunan proseslər öz növbəsində:

- sosiallaşma proseslərinin davamlılığına;
- sənayeləşmə siyasətinin şaxələndirilməsinə;
- yeni iqtisadi prioritetlərin əlçatan olmasına;
- dayanıqlı infrastruktur təminatına;
- fasiləsiz istehsal mexanizminə
xas olan dinamika gətirmişdir. Nəticədə isə, milli və regional iqtisadi inkişafın sürətlənməsinə hərəkətverici təsiri ilə seçilən makroiqtisadi göstəricilər əldə olunmuşdur. Bunu Naxçıvan Muxtar Respublikasının 2022-ci ilin yanvar-iyul aylarının makroiqtisadi inkişafından da görmək olar. Bu müddət ərzində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun (ÜDM) həcmi 1 milyard 652 milyon 55 min 500 manatlıq daxili məhsul istehsal olunmuşdur ki, bu da, əvvəlki illərlə müqayisdə iqtisadi artımın davamlılığını ifadə etməkdədir.

Şəkil 1.
Naxçıvan Muxtar Respublikasında istehsal olunan ÜDM-nin həcmi (min manat)

Qeyd etmək olar ki, 2020-2022-ci illər ərzində ÜDM-nin həcmi 1,1 dəfə artmışdır. Bu, eyni zamanda, muxtar respublika iqtisadiyyatının sahə strukturu üzrə düzgün əlaqələndirmənin, resurslardan məqsədyönlü iqtisadənin, həmçinin əhali məşğulluğunun mühüm ifadəsinə çevrilmişdir.

Təbii olaraq, makroiqtisadi inkişafın mühüm məqsədlərindən biri həm də, cəmiyyət üzvlərinin rifah göstəricilərinin daha da yüksəlməsinin təmin olunması, artan təlabatlar qarşısında dayanıqlı və müqavimətli iqtisadiyyatın formalaşması, bununla da, əhalinin alıcılıq qabiliyyətinin bu dinamikaya uyğun təşəkkül tapmasından ibarət olmaqdadır. Bu mənada, muxtar respublika iqtisadiyyatında istehsal olunan ÜDM-nin həcmi özünün strukturu ilə insanların maddi rifah halının qorunmasında mühüm amil olmuşdur. Belə ki, cari ilin yanvar iyul aylarında muxtar respublikada, hər bir nəfərə düşən ÜDM-nin həcmi artım vəziyyətinə xas olması ilə müşayiəyt olunmuş və 3563,5 manat olmuşdur.

Şəkil 2
Naxçıvan Muxtar Respublikasında hər bir nəfərə düşən ÜDM-nin həcmi (manat)

Ölkəmizdə milli iqtisadiyyatın dayanıqlı əsaslara malik olması, iqtisadiyyatın aparıcı sahələrinin də perspektivlərini artırmışdır ki, burada da, sənaye sahəsinin aktuallığı artmaqdadır. Sənayenin inkişafı muxtar respublika iqtisadiyyatında yeni keyfiyyət mərhələsinin əsaslarını təşkil etməkdədir. Bu potensialla da, muxtar respublika ölkəmizdə qətiyyətlə davam etdirilən sənayeləşmə siyasətinə öz uğurlu dəstəyini göstərməkdədir. Belə ki, həmin proseslərin nəticəsi olaraq, 2019-cu ildə bu sahədə ardıcıl və sistemli tədbirlər reallaşmışdır. Digər regionlarda olduğu kimi Şərur rayonunda da Sənaye Məhəlləsinin yaradılması təmin olunmuşdur ki, bu da, istehsal və məşğulluq baxımından olduqca əhəmiyyətlidir. Məhz bunun nəticəsidir ki, artıq 2022-ci il muxtar respublikada “Sənaye İli” elan olunmuşdur. Sənaye, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri tutmaqdadır. Bu sahə üzrə 2022-ci ilin təkcə yanvar-iyul aylarında 682 milyon 400 min 400 manat dəyərində məhsul istehsal olunmuşdur ki, bu da həyata keçirilmiş olan islahatların səmərəliliyini bir daha göstərməkdədir.

Şəkil 3
Naxçıvan Muxtar Respublikasında istehsal olunan sənaye məhsulunun həcmi (min manat)

İstinad olunan illər üzrə əksini tapan iqtisadi artım, sənaye sahəsinin göstəricisi üzrə 1,1 dəfə təşkil etmişdir. Milli iqtisadi inkişafa istiqamətlənən bu proseslər, muxtar respublikada sənaye sahəsinin perspektivlərinin də artmasına təminat yaratmaqdadır.
İnkişafın yeni keyfiyyət mərhələlərinin bir-birini əvəz etməsi, təbii olaraq, zəruri infrastruktur təsisatlarının qurulmasını və ondan faydalı istifadənin mövcud olmasını bir daha göstərməkdədir. Bu baxımdan da, muxtar respublikada yaradılmış sağlam iqtisadi fəaliyyət mühitinin möhkəmlənməsi səmərəli investisiya siyasətinin də bariz ifadəsinə çevrilmişdir. Cari ilin ötən dövrü ərzində muxtar respublikada etibarlı infrastruktur təminatının yaradılması istehsal müəssisələrinin fəaliyyətinin səmərəli təşkilinə, əmək ehtiyatlarından istifadənin məhsuldarlıq göstəricilərinə, eyni zamanda, təminatqabiliyyətli istehsal potensialına imkanlar yaratmışdır. Bu sahədə görülən işlərin ifadəsi olaraq, 2022-ci ilin yanvar -iyul ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş olan vəsaitin həcmi 605 milyon 639 min 900 manat vəsait olmuşdur. Qeyd edək ki, həmin vəsaitin 577 milyon 360 min 400 manatı və ya 95,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Şəkil 4
Naxçıvan Muxtar Respublikasında əsas kapitala yönəldilən vəsaitlər (min manat)

İqtisadiyyatın aparıcı sahələrindən birini də kənd təsərrüfatı təşkil etməkdədir. Həyata keçirilmiş olan tədbirlər bu sahənin də makroiqtisadi inkişafdakı həcmini artırmış, onun sosial dayanıqlılıq sahəsindəki çəkisini də yüksəltmişdir. Muxtar respublika əhalisinin 70 faizdən artığının kənd yerlərində yaşaması, eyni zamanda, aqrar sektorda mərğulluq imkanlarının da artmasına zəmin yaratmışdır. Bununla yanaşı, kəndlərin iqtisadi inkişafdakı rolunun, təsərrüfat sahələrinin (ailə təsərrüfatlarının) məhsuldarlıq göstəricilərinin və bununla da, makroiqtisadi inkişafın şaxələnməsinə təminat yaranmışdır. Kənd təsərrüfatının davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və hüquqi-iqtisadi tənzimləmələr nəticəsində cari ilin yanvar-iyul aylarında muxtar respublikada 279 milyon 683 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da, daha perspektivli nəticələr üçün zəruri bazaya çevrilməkdədir.

Şəkil 5
Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsulunun həcmi (min manat)

Beləliklə, Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişaf sahəsindəki uğurlarını qətiyyətlə davam etdirməkdədir. Əldə olunan nailiyyətlər həm, uzunmüddətli iqtisadi prioritetlərin əlçatan olmasına zəmin yaradır, həm də, əhalinin daha firəvan yaşayışında mühüm uğurlar gətirməkdədir. Qarşıdakı dövrlərdə, reallaşmış olacaq iqtisadi potensial bu dayaqlar üzərində daha da güclü olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə