Dünya bazarında qiymətlər necə dəyişir? - ARAŞDIRMA

Dünya bazarında qiymətlər necə dəyişir? - ARAŞDIRMA

Əsas ərzaqlıq olan buğda istehsalçısı ölkələrdə yaranmış siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri, habelə həmin məhsulların qlobal ticarətində məhdudiyyətlər müşahidə olunur. Münaqişələrin yaratdığı qeyri-müəyyənliklər, ərzaqlıq buğdanın logistik xərclərinin kəskin şəkildə yüksəlməsi, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları dünya bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Ərzağın qiyməti əhali üçün ən ağrılı mövzudur, çünki ölkəmizdə bu kateqoriya malların xərclərini yüksək qiymətlə qarşılayır.

Bəs bundan sonra qiymət dəyişiklikləri necə olacaq?

Dünya ölkələrinə nəzər yetirdikdə avqust ayında ABŞ-da yalnız yağ bahalaşıb. Lakin bu qiymət artımı digər məhsulların qiymətinin azalması ilə daha çox kompensasiya edilir. İndoneziyada ixracın artmasının təsiri ilə palma yağı ucuzlaşıb. Günəbaxan yağının qiymətləri isə Ukrayna dəniz limanları vasitəsilə tədarükün tədricən bərpası ilə əlaqədar olaraq azalıb.

Hindistanda böyük həcmdə ixracat səbəbindən, eləcə də Braziliyada aşağı etanol qiymətlərinin artacağı qeyd olunur.

Avqust ayında kərə yağı və süd məhsularının beynəlxalq kotirovkalarının azalması kifayət qədər ehtiyatlar fonunda aparıcı idxalçıların əksəriyyəti tərəfindən bazarda tələbin azalması ilə izah olunur. Bundan əlavə, əsas istehsal bölgələrində süd istehsalının azalmasına baxmayaraq, mövsümün başladığı Yeni Zelandiyadan tədarükün gözlənilən artımı qiymətlərin aşağı düşməsinə kömək edib.

Ay ərzində ətin qiyməti 1,5% ucuzlaşmışdır. Dünyada mal ətinin qiymətinin aşağı düşməsi həm aparıcı ixracatçı ölkələrin bəzilərində daxili tələbatın zəif olması, həm də Avstraliyadan tədarükün müəyyən qədər artması ilə bağlı olduğu deyilir.

Nəhayət, taxılın qiyməti 1,4% ucuzlaşıb. İndiyədək taxılın qiymətləri bir il əvvəldən 14,8% baha idi. Avqustda buğdanın qiyməti 5,1% ucuzlaşıb. Bu, Kanada, ABŞ və Rusiyada məhsul yığımı proqnozlarının yaxşılaşdırılması, həmçinin məhsul yığımının davam etdiyi Şimal yarımkürəsində tədarükün mövsümi artımı ilə bağlıdır. Əlavə olaraq, beş aydan çox fasilədən sonra Ukraynanın Qara dəniz limanlarından ixracın bərpası qiymətin ucuzlaşmasına səbəb olub. Bununla belə, beynəlxalq buğda qiymətləri hələ də ötən ilin avqust ayı ilə müqayisədə 10,6% baha olaraq qalır. Avqustun sonunda yem taxılının dünya qiymətləri, əksinə, bir qədər artıb. Keçən illə müqayisədə 12,4% yüksəkdir. Dünya qarğıdalı qiymətləri 1,5% artıb. Eyni zamanda, Ukraynadan ixracın bərpası qiymətlərin daha çox yüksəlməsinə imkan verməyib. Bununla yanaşı, arpanın dünya qiymətləri 3,8% ucuzlaşıb. Düyü qiymətləri isə dəyişməz olaraq qalır.

Rusiyanın Ukraynaya hücumu dünya bazarında demək olar ki düzəni pozmuşdur. Əsasən də ərzaq məhsullarının hərəkət zənciri qırıldı, bəzi hallarda zəiflədi. Bundan dolayı nəqliyyat xərcləri artdı, Rusiyaya təzyiq məqsədi ilə Avropa ölkələri və Amerika, Böyük Britaniya ilə həmfikir olan digər dövlətlər təzyiq vasitəsi kimi Rusiyanın enerji daşıyıcılarından imtina eləmişdir. Bu da dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasına gətirib çıxartdı. Dünya bazarında enerji daşıyıcılarının bahalaşması isə dünyada elektrik enerjisinin, gübrənin və yenə də nəqliyyat xərclərinin artmasına səbəb oldu. May ayının əvvəllərində ərzaq qiymətləri iki dəfə, gübrə qiymətləri 2/4 dəfə bahalaşmışdır. Kənd təsərrüfatı məhsullarının mövsümi dövrü başlayır və bu mövsümi dövr bir qədər qiymət bahalaşmasını cilovlayıb. Yəni bahalaşmanın sürəti az da olsa azalmışdır. Xüsusilə ərzaq buğdası, bitki yağları, ağartı məhsulları bahalaşmışdır. Ərzaq buğdası rekord həddə çataraq qiyməti 440 avroya qədər qalxmışdır. Lakin avqust ayının sonlarında Ukraynadan ərzaq buğdasının ixracını mümkün olması səbəbindən buğdanın qiyməti dünya bazarlarında bir qədər sabitləşdi. Hal hazırda avqustun 22 -dən indiyə qədər Ukraynadan 1,5 milyon ton qiyməti ilə təkcə ərzaq buğdası ixrac edilib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli SİA-ya açıqlamasında qeyd edir.

Artıq bilirik ki, əksər regionlarda taxıl biçini başa çatıb. Rusiya təxminən 88 milyon, Qazaxıstan 50 milyon, Ukrayna 80 milyon ton buğda istehsal etmişdir. Yeni mövsümdə Azərbaycanın ətrafında olan potensial ərzaq buğdası istehsalçıları təxminən 200 milyon ton ərzaq buğdası istehsal edib. Azərbaycana isə təxminən 1,2 milyon ton ərzaq buğdası lazımdır. Potensial 200 milyon tondan 1,2 milyon ton buğda cəlb eləmək o qədər də çətin iş deyil. Əvvələr daha çox Rusiya buğdasına üstünlük verirdik, yenə də Rusiya buğdası üstünlük təşkil edəcək. Lakin idxal bir qədər azalıb əvəzində Qazaxıstandan daha çox buğda idxal etməyə başlamışıq. İdxal etdiyimiz buğdanın 70/80 faizi Rusiyadan, 20/30 faizi Qazaxıstandan olacaq. Hesab edirəm ki, kənd təsərrüfatı mövsümi bitəndən sonra yeni bahalaşma dalğası ilə üzləşəcəyik. Hal-hazırda dünyada və ölkə daxilində ərzaq məhsullarının qiymətərin bahalaşmasının bir qədər azalması mövsüm ilə əlaqədardır. Mövsüm bitəndən sonra ərzaq məhsulları bazarda bir qədər azalacaq və onda qiymətlərin bahalaşmasını daha çox hiss edəcəyik. Sözsüz ki, dünya bazarında qiymətlərin bahalaşması başlayacaq və ölkədaxili bazarına təsir edəcək. Dünya bazarında ərzaq qiymətlərinin bahalaşması əsasən enerji daşıyıcılarının bahalaşması ilə əlaqədardır.

Rusiya-Ukrayna müharibəsi nə qədər ki davam edəcək o vaxta kimi dünyada enerji daşıyıcıları böhranı davam edəcək və bundan dolayı digər ərzaq və qeyri ərzaq məhsulların qiymətləri bahalaşacaq. Çünki istənilən istehsal məhsulun maya dəyərində ən azı 30/40 faiz enerji daşıyıcıların payı vardır. Bəzən bu qiymət 40/60 faizə çatır.

Dünyada gedən bahalaşma tendensiyasının qarşısını almaq üçün Azərbaycan höküməti nə edə bilər? İlk növbədə onu qeyd eləyim ki, bəzi məhsulların idxalından əlavə dəyər vergisi aradan qaldırılmışdır. Bu tədbirlər ona görə həyata keçirilir ki, idxal məhsulun maya dəyəri aşağı düşsün və nəticədə bazarda qiymətlər sabitləşsin. Lakin Azərbaycanda istehsal sahələrinin və idxalın əsas hissəsi inhisardadır. Şirkətlər, istehsalçılar arasında rəqabət olmadığına görə dövlət məhsullarının maya dəyərinin aşağı salması üçün gördüyü tədbirlər bazara təsir eləmir.

Bundan əlavə Azərbaycan dövləti həm də məhsul bolluğu yaranması istiqamətində addımlar atır, subsidiyalar verir. Bu ildən həm də ərzaq subsidiyaları da verəcək. Əhaliyə müxtəlif subsidiyalar verilir ki, kənd təsərrüfatı ilə məşğul olan insanlar stimullaşdırılsın və məhsul artırılmasına maraqları çoxalsın. Azərbaycan öz daxili istehsalını dirçəltməklə dünya bazarındakı vəziyyətin daxili bazara təsir edərək qiymət bahalaşmasının qarşısını ala bilər. Lakin fermerlərin bol məhsul istehsalı üçün onların stimullaşdırılması üsullarından olan subsidiya verilməsində bir qədər çatışmazlıqlar var. Onların əsası iki istiqamətdir. Verilən subsidiyaların yalnız 25 faizinin nağdlaşdırılması, 75 faizinin isə məcburi qaydada gübrə, toxum, zərərvericilərə qarşı mübarizə preparatları və s. alınması nəzərdə tutulmuşdur. Bu vasitələri də kənd təsərrüfatı nazirliyinin idarə etdiyi şirkətlər gətirir, fermerlər mütləq onlardan almalıdır, başqa yerdən ala bilmirlər. Fermerlik təmin eləyən şirkətlər arxayın olur ki, onların müştəriləri vardır.

Həm də fermerlərə verilən subsidiyaların qiymətinə yenidən baxılmalıdır. Hansı sahəyə subsidiya verilirsə Kənd Təsərrüfatının Nazirliyin mütəxəssisləri ora gedib məhsul götürənə qədər xərclərini hesablamalıdır. Xərclərlə gəlirləri qarşılaşdırmalıdır və onlar arasında nağd müəyyən edildikdən sonra fermerin ala biləcəyi vəsaiti nəzərə alınmaqla bir hektara verilən subsidyanın həcmi müəyyən edilməlidir.

"Dünya bazarında qiymət artımı bir sıra ciddi fundamental iqtisadi problemlərlə bağlıdır. Qiymət artımı prosesi kəskinləşib, payız aylarına doğru enerji bazarındakı qıtlığın və iqtisadi qeyri tarazlıqların istehsalla bağlı bir sıra ölkələrdə mövcudluğu eyni zamanda münaqişələrin, sanksiyaların siyasətin davam etməsi şübhəsiz ki, iqtisadi durumu bir qədər də gərginləşdirəcək və dünyadakı qiymət artımı daha da təhlükəli hal alacaq". Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov deyib.

Biz artıq görürük ki, həm istehsal sferasında daşınmalardan nəqliyyat logistikadakı çətinliklərlə bağlı sanksiyalar siyasəti ilə bağlı problemlər dərinləşməkdədir. Və ona görə də biz şübhəsiz ki, infilyasiyanın sürətlənəcəyini bundan sonra da, proqnozlaşdıra bilərik. Proqnozlar bundan ibarətdir ki, qiymət artımı davam edəcək və idxaldan asılı ölkələr buna görə də sosial iqtisadi və siyasi problemlərlə üz-üzə qalacaq. Azərbaycanda ölkə rəhbərinin tapşırığı əsasında və ölkə rəhbərinin nümayiş etdirdiyi yanaşma əsasında idxaldan asılılığın azaldılması siyasəti elan olunub, bu istiqamətdə müəyyən işlər görülür. Əgər idxaldan asıllılıq yüksək səviyyədədirsə faktiki olaraq dünya bazarındakı infilyasiyanı həmin ölkə öz daxili bazarına idxal etmiş olur.

İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə isə ümumi trend ciddi şəkildə artım başlanandan sonra hazırda qiymətlər bəzi məhsullarda aşağı düşməsindən ibarətdir. Misal üçün neftin qiyməti 100 dollar civarındadır və rekordları qırmır, eyni zamanda ərzaq məhsulların qida və kənd təsərrüfat təşkilatların məlumatına görə keçən ilə nisbətən bu il qiymətlər hələ də yüksək olaraq qalır. Artıq bir sıra ölkələr qəbul edirlər ki, hazırda yüksək infilyasiyanı yaşayırıq və inkişaf etmiş ölkələr bunu qəbul etdiyindən biz də məcbur olaraq qəbul etməliyik. Qarşıda təxmin edə bilərik ki, ərzaq üzrə infilyasiya artımı 11 faiz təşkil edir. Bu isə ciddi bir rəqəmdir. Xüsusilə idxaldan asılı olan bir ölkə kimi Azərbaycan üçün bu proses çox ciddi təsir edir.

Nəzərə almaq lazımdır ki, qiymətlər yaxın müddət ərzində düşməyəcəkdir. Sadəcə indiki şəraitə uyğunlaşmalıyıq. Dövlətin atdığı addımlara gəldikdə bir çox hallarda formal xarakter daşıyır. Bu proseslər Azərbaycan xalqından da ciddi şəkildə asılıdır. Ola bilər bir çox kənd təsərrüfatı məhsulları ilə özümüzü idarə edə bilirik. Ümumi trend ondan ibarətdir ki, hökümət heç bir halda cüzi olaraq da rüsumları azaltmaq niyyətində deyil. İndiki halda ən effektiv üsul o ola bilərdi ki, hansı ki Azərbaycan bu məhsul üzrə idxaldan ciddi şəkildə asılıdır. Məhsulun ƏDV-si ləğv edilməlidir və ya gömrük rüsumu siyasətini dəyişdirməlidir. Əlbəttə ki bu cəhətdən Avropa ilə münasibətlərdə bir çox inteqrasiya məsələləri də həll etmiş olacaqdır. Qiymət artımı daha çox sosial fəsadlara gətirir. Bu yönümdə qiymətlər kəskin şəkildə artır. Dövlət bu səmtdə tədbirlər görmək imkanına da malikdir. İri həcmli investisiyalar, kreditləşmə siyasəti də öz payını göstərə bilər, amma təəssüflər olsun ki, bu istiqamətdə bizdə daha çox tikinti sektoru başa düşülür. Əsas məsələlər isə bir çox hallarda kənarda qalır.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə