Azərbaycan nəqliyyat nazirlərinin konfransında təmsil olunub - FOTOLAR

Avqustun 15-16-da Türkmənistanın Türkmənbaşı şəhərində açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransı keçirilib. RİNN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda 50-dək ölkədən 100-dən artıq nümayəndə iştirak edib. Tədbirə, həmçinin Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, TRACECA və digər beynəlxalq təsisatların rəhbər şəxsləri qatılıblar.
Konfrans çərçivəsində nazirlərin iclası, eyni zamanda “COVID-19” pandemiyasının təsiri, Vyana Fəaliyyət Proqramının icrası və qarşıya çıxan çətinliklər, nəqliyyat bağlantılarının maliyyələşdirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı, regional inteqrasiya kimi müxtəlif mövzuları əhatə edən 6 sessiya keçirilib.
Nazir müavini Rövşən Rüstəmov tədbirdə çıxış edərək ölkəmizdə nəqliyyat sahəsində icra edilmiş və hazırda həyata keçirilən layihələr barədə məlumat verib, beynəlxalq nəqliyyat dəhlizlərinin effektivliyinin artırılmasında rəqəmsallaşma və innovasiyaların tətbiqinin vacibliyini qeyd edib.

Qeyd edək ki, səfər çərçivəsində nazir müavini Türkmənistan və Tacikistan nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Bu ölkələrlə mövcud əlaqələrin genişləndirilməsi və mümkün əməkdaşlıq sahələri barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə