"Avtomobil yollarının inkişaf etdirilməsi önəmlidir" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Avtomobil yollarına dövlət tərəfindən büdcənin ayrılması çox əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə deyib.

Aslan Əzimzadə qeyd edib ki, dünyada yeni iqtisadi çağırışlar Azərbaycanın nəqliyyat və logistika sahəsində mövcud olan dəyərinin daha da artması ilə nəticələnib: "Belə olan halda bu reallıqlara cavab vermək üçün yeni istiqamətlərdə xüsusən nəqliyyatda inkişafın artmasına ehtiyac yaranmaqdadır. Bu baxımdan dövlətin avtomobil yolları üçün büdcə ayırması nəqliyyat infrastrukturunun inkişafı və Azərbaycanın sözügedən istiqamətlərdə potensialının artması ilə nəticələnəcək. Bu gün bir sıra transregional layihələr və nəqliyyat dəhlizləri məhz Azərbaycandan keçir. Bu mənada avtomobil yollarının inkişaf etdirilməsi önəmlidir. Bu inkişaf ilə Azərbaycan uzunmüddətli perspektivdə tranzit ölkə kimi ciddi iqtisadi dividentlər əldə edəcək. Regionda və dünyada baş verən yeni çağırışlara cavab vermək məqsədi ilə nəqliyyat strukturunun inkişaf etdirilməsi, ölkəmizdə qabaqlayıcı iqtisadi idarəetmə modelinin mövcudluğunu və bu modelin mütərəqqi inkişaf etdirdiyini deməyə imkan verir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə