Qlobal iqtisadi böhran fonunda AZƏRBAYCAN ÜÇÜN NİKBİN PROQNOZLAR – TƏHLİL
Dünya iqtisadiyyatının çətin bir duruma sürükləndiyi göz önündədir və qlobal müstəvidə baş verən geosiyası, eləcə də geoiqtisadi proseslər buna əsaslı zəmin yaradır. Xüsusən, Rusiya ilə Ukrayna arasında hələ də davam edən müharibə, Qərbin bu məsələyə laqeyid olmaması, daha dəqiq desək, müdaxiləsi tətbiq edilən sanksiyalar və bir sıra məqamlar prosesi bir qədər də sürətləndirir. Hətta iqtisadi böhran riskinin belə dürmadan artdığı da təkzib edilə bilməz, çünki sözügedən müharibənin əksər dünya dövlətlərinin iqtisadiyyatına təsirsiz ötüşmədiyi günümüzün reallığıdır.
Artıq qlobal iqtisadi tənəzzül aparıcı ölkələrin iqtisadi göstəricilərində də özünü göstərməyə başlayıb. Məsələn, Amerika Birləşmiş Ştatları kimi nəhəng bir ölkədə sənaye inflyasiyası 25% həddində müşahidə edilib. Həmçinin Avrozonada istehlak qiymətləri indeksinə əsaslanan inflyasiya 8,6% olub. Bütün bu göstəricilər optimal sayılmır və qənaətbəxş də hesab oluna bilməz. Hətta inflasiyanın kəskin şəkildə genişlənməsi belə demək olar ki, bütün düyada müşahidə olunur. İnflyasiyanın genişləşməsində aparıcı mərkəzi bankların pul emissiyasının kəskin şəkildə artırılması da sözsüz ki, böyük rol oynayır. İstehsalın nəqliyyat və logistik mexanizmlərindəki qeyri-tarazlıqlar belə bu mənada xüsusi təsirə malikdir.
Sözsüz ki, dünya iqtisadiyyatında baş verən durğunluq pul kütləsi ilə bağlı deyil, elə məhz buna görə də monetar siyasətin təsirini görmək olmur. ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcisini artırmasının effektiv olmaması da qeyd olunanları təsdiq edir. Diqqətə çatdıraq ki, ötən ay FED dərəcə 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıldı, hansıki bu, 1994-cü ildən bəri ən yüksək artım idi və uçot dərəcəsinin hətta iyul ayında da yenidən artırılacağı gözləniləndir. Uçot dərəcəsinin hələ ilin sonuna qədər artırılacağını, daha dəqiq desək, 3,4 faizə çatdırılacağını da ekspertlər qeyd edirlər, hansıki bu, uçot dərəcəsinin ilin sonuna qədər daha 1,75 baza bəndi artırılacağı anlamına gəlir.
Xüsusilə vurğulamaq yerinə düşərdi ki, 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4,1 faizdən 2,9 faizə qədər azaldılıb və burada başda Ukrayna-Rusiya müharibəsi olmaqla, müxtəlif məsələlərin təsiri nəzərə alınıb. Cari il üçün nəzərdə tutulan proqnozlar Avropa İttifaqı üçün belə dəyişib və müvafiq olaraq 4 faizdən 2,8 faizə düşüb. Bütün bu göstəricilər, eləcə də proqnozlar sadalananları təsdiq edir və onu deməyə əsas verir ki, həqiqətən də cari il üçün iqtisadi böhran riski artıq qəbul edilməkdədir.
Bildiyimiz kimi, artıq avro da kəskin şəkildə ucuzlaşmaqdadır və bu günə olan vəziyyətinə görə onun məzənnəsi dollarla bərabər həddədir, hansıki bu, son 23 ildə ilk dəfə müşahidə olunur. Xatırladaq ki, avronun ucuzlaşması məhz Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra daha da sürətlənib və cəmi bircə il ərzində avro düz 18 faiz ucuzlaşıb, hansıki bu rəqəm təkcə həmin valyuta üçün deyil, ümumiyyətlə, böyük göstəricidir. Sözügedən valyutanın bundan sonra yenə də ucuzlaşmayacağına isə zəmanət verilmir, böyük ehtimalla ucuzlaşacağı qənaətində olanlar, əksini düşünənlər çoxluq təşkil edir. Yalnız bu fakt maliyyə bazarının vəziyyəti barədə müəyyən fikirlərin formalaşmasına əsas verir ki, hər bir halda iqtisadi böhran barədə riskləri ortaya qoyur.
Sirr deyil ki, müharibə, eləcə də sanksiyalar fonunda Rusiya da Avropaya qaz təchizatını məhdudlaşdırıb və bu da təsirsiz ötüşə bilməz, heç ötüşməyib də. Beləki, Rusiyanın qaz təchizatını məhdudlaşdırması Avropada ciddi şəkildə həyəcan siqnalı yaradıb, hansıki bunu hiss etməmək mümkün deyil və indi alternativ mənbələrin axtarışı faktı özü reallığı ortaya qoyur. Mövcud reallıqların fonunda mavi yanacağın qiymətinin bahalaşması təəccüblü deyil və bu bahalaşma da öz növbəsində müxtəlif təsirlərlə ortaya çıxır. Bu təsirlər daha çox real sektorda müşahidə olunur və sözün həqiqi mənasında həmin sektorun inkişafına əngəl yaradır, onu birmənalı şəkildə inkişafdan saxlayır. Bir sözlə, bütün dünyada qlobal iqtisadi böhran riskləri artıq ortadadır.
Eyni zamanda COVİD-19 virusunun da təsirləri nəzərə alınmalıdır və unutmaq lazım deyil ki, bu zamana qədər hələ də həmin təsirləri bütün dünya hiss edir. Artıq sözügedən virusa yoluxma hallarının yenə də artması barədə bildirilir və əvvəlki təcrübəyə əsaslansaq deyə bukırik ki, bu da tələbin, eləcə də enerji qiymətlərinin artması ilə nəticələnməlidir. Ümumiyyətlə, bütün bu məsələlər nəticə etibarı ilə bütövlükdə digər məhsullar üzrə qiymətlərin artımına da təsir etməlidir və edir də. Bundan sonra hələ yenə də artımların olacağı barədə də düşünmək yerinə düşərdi, hansıki bunlar riskləri bir qədər də artırır. Enerji təhlükəsizliyi, qida təhlükəsizliyi kimi məsələlər prioritet olaraq qalmaqdadır, çünki hələ də həyəcan təbili çalınır, hələ də bu məsələlərlə əlaqədar qarşılaşılan risklər barədə bəyan edilir. Artıq bir sıra ölkələr ərzaq təhlükəsizliyi problemi ilə üz-üzədir.
Sevindirici haldır ki, ölkəmizdə iqtisadi stabillik qorunub saxlanılıb və bütün dünyada müşahidə olunanların fonunda Azərbaycanda iqtisadi sabitliyin olması xüsusi diqqətə layiq müsbət haldır, hansıki bunu bütün dünya ictimaiyyəti də müşahidə edir. Müşahidə edir ki, Azərbaycanın markoiqtisadi göstəricilərində artım var və özü də bu, qlobal iqtisadi geriləmələrin fonunda baş verir, hansıki bu reallıq rasional iqtisadi idarəetmə mexanizminin mövcudluğu deməkdir.
Doğrudur, proseslər ölkəmizə təsirsiz ötüşə bilməz və burada xarici faktorların təsiri təkzibedilməzdir. Nəzərə almaq lazımdır ki, ölkəmizə idxal olunan məhsullar da var və əgər dünya iqtisadiyyatındakı böhran daha çox ərzaq və enerji sahəsində müşahidə edilirsə, deməli idxal zamanı bunun təsirləri də əvvəlcədən gözlənilən idi. Məsələn, idxal olunan əntəələrin qiymətində olan artımlar necə təsirsiz ola bilər? Əgər Azərbaycan Ukraynadan taxıl idxal edirsə və Rusiya ilə həmin ölkə arasında gedən müharibə fonunda taxılın qiymətində artım müşahidə edilirsə, deməli, ölkəmizə idxal olunan taxılın qiynətində də artım olmalıdır. Burada təəccüblü heç nə yoxdur və tam məntiqi, həm də anlaşılandır.
Yeri gəlmişkən qeyd edək ki, torpaqların işğaldan azad edilməsindən sonra, Qarabağ ərazilərində görülən işlərdən sonra, əkin sahələrinin, xüsusilə taxıl əkini sahələrinin istifadəsindən sonra artıq taxılın idxalı məsələsi də minimuma endirilə bilər. Deməli, torpaqlarımızın işğaldan azad ediləməsi, əkin-biçin üçün istifadəsi taxıl idxalından asılılığın azaldılması ilə yanaşı, həm də əlavə dividentlər deməkdir. Həmin dividentlər isə müxtəlif istiqamətlərdə ola bilər. Məsələn, işğaldan azad olunmuş ərazilərimizə xarici investisiyanın yatırılmasını xüsusilə vurğulaya bilərik. Nəzərə almaq lazımdır ki, xarici investisiya ölkənin dayanıqlı inkişafını şərtləndirən başlıca amil hesab olunur və ölkə iqtisadiyyatının dayanıqlığının təminatı kimi qiymətləndirilir. Bir sözlə, dünya iqtisadiyyatında böhran müşahidə edilməsi fonunda Azərbaycanda iqtisadiyyatı dayanıqlığı üçün əsaslı zəmin var və gələcək perspektivlər daha nikbin proqnozlar vəd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB