“Növbəti dövr üçün də prioritetlər bəyan edildi” - DEPUTAT ŞƏRH ETDİ
“2022-ci ilin ilk yarısının yekunlarına həsr edilən müşavirədə Azərbaycan Prezidenti tərəfindən bir sıra mühüm mesajlar verildi. Bütövlükdə, bu ilin birinci yarısında iqtisadi artım tempinin davam etməsi və xüsusən də qeyri-neft iqtisadiyyatının 9,6 faiz artıma nail olunması müsbət haldır və bu ilin ikinci yarısı üzrə də artımın davam edəcəyini xəbər verir. Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 5 faizdən çox böyüyəcəyi gözlənilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu hədəflər ilə yanaşı, iqtisadi təklükəsizlik üçün vacib olan xarici borcun tənzimlənməsi və strateji valyuta ehtiyatlarının qorunub saxlanması siyasəti də davam etdirilir: “Azərbaycanda xarici borcun ÜDM-də payı 10.7 faizədək azalıb. Bu MDB-də ən yaxşı göstərici olmaqla yanaşı, dünyada ən az xarici borc asıllığı olan 10 ölkədən biri anlamına gəlir. Eyni zamanda, 2022-ci ilin dövlət büdcəsi dürüstləşdirilən zaman Dövlət Neft Fondunun transferlərinin azaldılması fiskal gəlirlərdə enerjidən kənar sektorun payı artırmaqla yanaşı, valyuta ehtiyatlarımızın qorunub saxlanması baxımdan vacib idi. İqtisadiyyatın diversifikasiyası prioritetdir və növbəti dövrlərdə də ən əsas hədəflərdən biri olaraq qalacaq.
Rusiya-Ukraya müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha güclənməkdədir. Azərbaycan "Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilməkdədir. Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər”.
Deputat həmçinin bildirib ki, Avropa İttifaqı ilə yanaşı ABŞ ilə əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılması da xüsusi qeyd olunmalıdır: “Bu əlaqələr Azərbaycanın regional mövqeyinin daha da güclənməsi baxımdan vacibdir.
Ermənistanın 10 noyabr anlaşmasındakı bir sıra öhdəlikləri hələ də yerinə yetirməməsinə baxmayaraq Azərbaycan işğaldan azad olunan torpaqlarımızın bərpa və yenidənqurmasını daxili mənbələr hesabına davam etdirir. Cənab Prezident müşavirədə bir daha bəyan etdi ki, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. Bu isə bir daha təsdiq edir ki, region üçün yeganə müsbət alternativ kommunikasiyaların bərpası və qarşılıqlı ərazi bütövlüyünün tanınmasıdır. Azərbaycan ordusu güclüdür və ordu quruculuğu davam etdirilir.
Növbəti dövr üçün də prioritetlər bəyan edildi. İqtisadiyyatın leqallaşdırılması ilə bağlı islahatlar davam etdiriləcək, neftdən asıllılığın azaldılması ilə bağlı siyasət dərinləşdiriləcək, şəhid ailələrinə və müharibə əlillərinə dövləti dəstəyi daha da gücləndiriləcək, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaq, Qarabağı və Zəngəzuru quruculuq işləri davam etdiriləcək və bu gün qlobal xarakter daşıyan ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı işlər davam etdiriləcək.
Müşavirədə də qeyd olunduğu kimi dünya iqtisadiyyatı resessiya ilə üz-üzədir. 2022-ci ilin ikinci yarısı və xüsusən də 2023-cü il üçün qlobal proqnozlar ürəkaçan deyil. Bu kontekstdə daxili hədəflərin reallaşması daha da aktuallıq kəsb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB