Oğuzda taxıl biçini kampaniyası başa çatmaq üzrədir

Oğuzda taxıl biçini kampaniyası başa çatmaq üzrədir

Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası sona yaxınlaşır. Cari mövsümdə rayonda 16 min 253 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 4 min 970 hektarı arpa, 11 min 283 hektarı buğda sahələridir. Bu günədək 16 min 143 hektar taxıl sahəsinin məhsulu biçilib, 51 min 501 ton məhsul tədarük olunub. Hər hektarda orta məhsuldarlıq 31,9 sentner təşkil edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, arpa sahələrində biçin artıq başa çatıb və zəmilərdən 16 min 306 ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 32,8 sentner məhsul götürülüb. Biçin aparılmış 11 min 173 hektar buğda sahəsindən isə 35 min 195 ton məhsul əldə olunub. Buğda zəmilərində orta məhsuldarlıq 31,5 sentner olub. Hələlik rayonda 110 hektar biçilməmiş taxıl sahəsi qalıb. Fermerlər qalan taxılın da sahələrdən itkisiz yığılması üçün səylə çalışırlar.

Taxıl biçini başa çatdıqdan sonra Oğuz rayonunun təsərrüfatlarında 300 hektaradək sahədə təkrar qarğıdalı əkininin aparılması da nəzərdə tutulur. Hazırda təsərrüfatlarda bu istiqamətdə işlər davam edir. İndiyədək rayon ərazisində 80 hektar sahədə dən üçün təkrar qarğıdalı, 110 hektarda isə soya əkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə