Parlamentdə büdcə ilə bağlı məsələlər müzakirə edilir

“Postpandemiya dövründə ölkə iqtisadiyyatının genişlənməsi, orta aylıq əmək haqqının yüksəlməsi, yeni iş yerlərinin açılması Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasına öz müsbət təsirini göstərib”. SİA-nın verdiyi məlumata bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2022-ci ilin ilk 5 ayında proqnoz göstəricilərinin yüksəlməsinə imkan yaradıb: “Fondun gəlirlərinin artım tempi proqnoz göstəricilərinə yenidən baxılması zərurətini yaradıb. “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, Fondun gəlirləri və xərcləri bərabər olmaqla 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat məbləğində müəyyən edilməsi tövsiyə olunub. Fondun gəlirlərinin artımı iki mənbə üzrə - məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına proqnozlaşdırılıb. Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönələcək. Qeyd olunub ki, uşağın anadan olmasına görə müavinətin məbləği 4 milyon manat artaraq, 24 milyon manata çatdırılması nəzərdə tutulur.
Komitə sədri Musa Quliyev bildirib ki, 2022-ci ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin tərkib hissəsi kimi “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişikliklərin edilməsi zərurətini yaradıb.

Təqdim olunan layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il üçün cari büdcə layihəsində büdcədən maliyyələşən təşkilatlar üzrə işsizlikdən sığorta haqlarının daxilolma məbləği dürüstləşdirilərək 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manata, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə işsizlikdən sığorta normativinə analoji olaraq 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manatadək dəyişdirilib. Nəticədə, işsizlikdən sığorta üzrə sığorta haqlarının ümumi məbləği 6 923 724,0 manat artırılaraq 136 418 476,0 manatdan 143 342 200,0 manatadək dəyişdirilib.

Təklif olunan dəyişikliklər nəzərə alınaraq, qanunda işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlər və xərclərinin 1 000 000,0 manat artırılaraq 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması nəzərdə tutulub”.

Bütün xəbərlər Facebook səhifəmizdə