Bu yollar 30 ilə yaxın idi ki, sahibinin addımına həsrət idi. Ot, çayır basmışdı, həsrət gülü bitmişdi bu yollarda. Sovetlər birliyinin əsarətində olduğumuz dövrlərdən onsuz da baxımsız olan bütün yollarımız kimi, Şükürbəyli yolları da 27 illik işğal hicranından daha da miskin vəziyyətə düşmüş, daş-çınqıl bu yolların izini itirmişdi. Düşmən tapdağı altında inləyən yollar doğmasını gözləyirdi. Gəlib onu azad etmələrini, bağrını addımları ilə sevindirməklərini gözləyirdi. Oğullarını, əsgərini-xilaskarını gözləyirdi. Bu yollar azadlıq istəyirdi. Vətənə gedən yollara qoşulub anası Azərbaycana çatmağı diləyirdi. Və həmin günü səbrsizliklə hər an gözləyirdi. Qarabağın hər dağı, daşı, dərəsi, düzü, min bir səmtə şaxələnmiş yolları kimi, Cəbrayılın Şükürbəylisinin yolları da o günü gözləyirdi...
Arzular gerçək oldu
2020-ci il 4 oktyabr. Cəbrayıl rayonunun tərkibində olan Şükürbəyli kəndi 27 illik işğaldan sonra Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu tərəfindən azad edildi. Bu tarix bir qərinəyə yaxın ayrılığın bitdiyi an oldu. 30 ilədək gözləri yollarda qalan Cəbrayılın onlarla kəndi kimi, Şükürbəyli də azadlığın gəlib çatdığını duydu. Düşmənin maşın-texnikasının məhv edilməsi, onların geri çəkilməsi ilə kəndlərimiz bir-bir alındı. Sentyabr ayının 27-dən noyabrın 7-dən Cəbrayıl rayonunun kəndləri ardıcıl şəkildə azad edildi.
Cəbrayılın da, onun bu gün sinəsindən Qarabağın hər tərəfinə yollar şırımlanan Şükürbəylisi də azadlığına qovuşdu. Yüzlərlə igid oğullarımız Cəbrayıl uğrunda günlərlə göyüşdü, şəhid oldular. Lakin bu torpaq-şərəf, namus məsələsinə son qoydular. Şərəfimizi xilas etdilər. Düz 27 il əvvəl buradan silah gücü ilə zorla çıxarılan minlərlə soydaşlarımızın qisasını aldılar. Evlərini, həyət-bacalarını, mal-dövlətlərini burada qoyub illərlə qaçqın, köçkün adı ilə yaşayan, işğalın ilk illərində olmazın çətinlikləri ilə üz-üzə qalan insanların qisasını aldılar. Yurd yerlərinə həsrət qalan, qəribçilikdə dünyasını dəyişən, bir daha Cəbrayılı görə bilməyən insanların qisasını aldılar.
1990-cı illərin odlu-alovlu günlərində Birinci Vətən Müharibəsində həyatını itirən yüzlərlə azərbaycanlı bacı-qardaşlarının qisasını aldı ordumuz. Qəbirləri bu torpaqlarda qalan, ruhları övladlarını, yaxınlarını gəzən, hər Novruz onların yolunu gözləyən cəbrayıllıların qisasını aldılar.
“Qisas qiyamətə qalmaz”,- deyiblər. Nə düşünürdü ki, düşmən? Elə bilirdi ki, 90-cı illərdə olduğu kimi havadarları yenə arxalarında durub onların güclü bir “dövlət” olduqlarını nümayiş etdirəcəklər? Bəli, bu dəfə də durdu havadarları arxalarında. Lakin bu dəfə düşmənin qarşısındakı Azərbaycan ordusu tamamilə başqa gücə malik bir ordu idi. 90-cı illərin torpaqlarımızı satan rəhbərlərinin başsız buraxdığı ordu deyildi. Ötən 17 ildə tamamilə möhkəmlənən, hər an güclənməsi diqqətdə saxlanılan ordu idi. Bu ordunun Sərkərdəsi isə bu ölkənin rəhbəri, fəaliyyətini işğal altında olan torpaqların bir gün xilası üçün beynəlxalq aləmdə ardıcıl şəkildə işlər görməyə həsr edən dövlət başçısı idi.
Elə bütün bu səbəblərdən də Qarabağ azad oldu. Minlərlə insanın, bütövlükdə xalqın arzuları gerçək oldu.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu qürur yoludur
44 günlük İkinci Vətən Müharibəsindən dərhal sonra azad olunmuş torpaqlarda sürətli quruculuq işləri aparılır. Bu işlərin əsasını isə yol infrastrukturu təşkil edir. Çünki abadlığa gedən yol elə yollardan başlanır. Elə Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu da belə nəhəng layihələrdəndir. Bu yol həm də qürur yoludur. Qarabağın hər tərəfinə, oradan isə Vətənə aparan qürur yolu...
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi gözlərimiz önündədir. Bu böyük infrastruktur layihə sürətlə həyata keçirilir, yolda işlər böyük vüsətlə davam etdirilir.
Yol öz başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39,7 kilometrdir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir.
Artıq yolboyu 14 kilometrlik hissədə asfalt-beton örtüyünün döşənməsi və süni qurğuların inşası yekunlaşmaq üzrədir. 25,7 kilometrlik hissədə isə I texniki dərəcəyə uyğun 21,5 metr enində yol yatağının və yol əsasının inşası, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı lay asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, həmçinin çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan 37 dairəvi boru üzrə 85 faiz, 9 düzbucaqlı su keçidi üzrə 95 faiz, tikilən yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçid üzrə 93 faiz, ehtiyat keçidləri üzrə isə 80 faiz tikinti işləri icra olunub.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Yolun tikintisinin 2023-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.
Avtomobil yolu üzərində 6 körpü inşa edilir
Azərbaycanın qədim keçmişinə yol salan körpülər tarixi mədəniyyətimizin mühüm bir hissəsini təşkil edir. Tarixən Azərbaycanın mühüm ticarət mərkəzlərindən olan Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Qəbələ, Naxçıvan, Təbriz və sair kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınmışdı.
Forma, quruluş və tikintisinə görə Azərbaycandakı körpülər bir-birindən kəskin şəkildə fərqlənir. Bunu qədimdən bu günümüzədək gəlib çıxan körpülər təsdiq edir. Həmin körpülərə Cəbrayıl rayonu ərazisində, Araz çayının üzərindəki 11 və 15 aşırımlı Xüdafərin körpülərini, Qazax rayonunda Xramçay üzərindəki Sınıq körpünü, Gəncə çayı üzərindəki Gəncə körpülərini, Əlincə çayı üzərindəki Naxçıvan körpülərini misal göstərmək olar.
Beləliklə körpü qədimliklə müasirliyi birləşdirən vasitədir. Elə Şükürbəyli-Cəbrayıl-Hadrut avtomoibil yolu üzərində salınan körpülər də məkan etibarilə qədim, zaman etibarilə müasir körpülər olacaq, bu böyük ərazidə gediş-gəlişinin rahatlığına xidmət etməklə yanaşı, həm də neçə-neçə ticarət mərkəzlərini bir-biri ilə birləşdirəcəkdir.
Hazırda Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu kilometrlik hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə davam etdirilir. Artıq 2,19 və 39-cu kilometrdə inşa olunan körpülərin tikintisi sona çatmaq üzrədir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.
Bu yollar minlərlə sakini yurd-yuvasına qaytaracaq
Bu yollar Qarabağda salınan digər yollarla qol-boyun olaraq 30 il işğal altında qalan bu əzəli torpağımıza anası Azərbaycanla görüşməyi nəsib edəcəkdir. Bu yollar minlərlə sakini yurd-yuvasına qaytaracaqdır. Onların hər biri bu gün Qarabağda həyata keçirilən böyük quruculuq işlərini anbaan izləyirlər. Onların hər birinin gözü bu gün Qarabağın ayrı-ayrı bölgələrindən çəkilən yollara dikilib. Bu yolların nə zaman onları ata-baba ocaqlarına aparacağını böyük məhəbbətlə gözləyirlər. 30 il səbr kasaları daşan insanlar hər an yurd-yuvalarına qayıtmaq alovu ilə yanırdılarsa, artıq ötən hər günün onları bu torpaqlara qayıtmasını yaxınlaşdırdığını çox yaxşı bilirlər. Bilirlər ki, onların təhlülkəsizliyi dövlətimizin bugünkü siyasətinin əsas prioritetidir. Onlar tamamilə təhlükəsiz şəraitdə öz evlərinə qayıdacaqlar.
30 ildə topaqlarımızın üstü kimi, altı da düşmənin pis niyyətinin qurbanı olub. Bu səbəbdən də necə ki, bu əzəli torpaqların üstü yağıdan, onun əməlindən xilas edildi, altına sirayət edən pisliklər də təmizlənir.
Yollar salınır, abadlıq işləri görülür ki, sakinlər doğma ocaqlarında əvvəlkindən də gözəl mənzərə ilə qarşılaşsınlar, rahat şəkildə yaşaya bilsinlər.
Salınan bütün yollar, eləcə də Şükürbəylidən uzanan yollar Qarabağa qayıtmağımız üçündür. O qayıdış isə çox yaxındadır...
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB