Metropolitençilər İstanbul metrosu ilə qarşılıqlı əməkdaşlıq dərinləşir - FOTOLAR

“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Türkiyədə Əskişəhər “Rail Industry Show” dəmiryolu sənayesi, infrastrukturu və texnologiyaları sərgisi və toplantısında iştirak ediblər. “Bakı Metropoliteni” QSC-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “İstanbul Metro AŞ”ın təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov və İdarə aparatının İstehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov iştirak ediblər.

Sərgidə dünyanın 120-yə yaxın şirkətinin iştirak etməsi, Bakı metropoliteninin nümayəndələrinə son texnologiyalarla daha geniş miqyasda tanış olmağa imkan verib. Bu sırada dəmir yolu və metro vaqonları, təkər cütləri və arabacıqlar, metropoliten stansiyaları üçün platforma təhlükəsizlik qapıları, rels istehsalı və yolun üstquruluş elementlərinin istehsalçı şirkətlərinin məhsulları və təkliflərinə xüsusi diqqət ayrılıb. Son illərdə bu sahədə xüsusi fərqlənən Türkiyə müəssisələri iıə yanaşı, dünyada aparıcı olan “Alstom” və Bakı metropoliteninin tərəfdaşı olan “Thales” kimi sənaye şirkətləri ilə səmərəli müzakirələr aparılıb. Bir sıra nümunələr Bakı metropoliteninin mövcud infrastrukturunun inkişaf etdirilərək, yenilənməsi baxımından aktuallığı ilə diqqət çəkib. Buna misal olaraq, İstanbul metrosunun stendində nümayiş edilən relslərin sensorlu avtomatik yağlanması, qatarların əyləc sistemini yoxlayan sınaq stendi və digər yenilikləri qeyd edə bilərik.

Ümumiyyətlə, son iki il ərzində Bakı və İstanbul metropolitenləri arasında hərtərəfli əlaqələr genişlənməkdədir.

Sərgi qarşılıqlı səfərlər, yeni texnologiyaların təcrübə mübadiləsi və birgə mühəndis layihələrinin müzakirəsi baxımından da səmərəli olub. Bu xüsusda Bakı metropolitençiləri İstanbul metrosunda hərəkətin təşkili və idarə olunması, SCADA sisteminin tətbiqi, dispetçer mərkəzinin iş şəraiti və komanda mərkəzlərində qatarın maşinistsiz idarə edilməsi sistemi ilə yaxından tanış olublar.

Sərgidən sonra İstanbulda “Bakı Metropoliteni” QSC ilə qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində bu ilin əvvəlində paytaxtımıza təşrif buyurmuş Türkiyənin “Aselsan” şirkətinin işarəvermə və rabitə sistemləri üzrə nümayəndələri ilə görüş də keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə