22 may milli parklarda "açıq qapı" günü keçiriləcək

Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar mayın 22-də Azərbaycanın milli parklarında “açıq qapı” günü təşkil olunacaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva SİA-ya bildirib ki, ölkəmizin təbii mühitinin bütün komponentləri milli parkları əhatə edən geniş bir ərazidə mühafizə olunur və biz bununla həm də planetin zəngin bioloji müxtəlifliyinin qorunmasına töhfə veririk.

"Dünya builki biomüxtəliflik gününə "Bütün canlılar üçün ortaq gələcək qurmaq" kimi mühüm bir çağırışla qoşulur. Bu o deməkdir ki, biz hamımız təbiətlə bağlı bütün problemlərin həllinə, iqlim dəyişmələrinin fəsadlarının önlənməsinə, insan və digər bütün canlıların sağlamlığına xələl gətirən təsirlərin aradan qaldırılmasına, onların yaşayış yerlərinin davamlılığının təmin edilməsinə, həmçinin ərzaq və su təhlükəsizliyi kimi aktual problemləri gündəmə gətirməklə birgə fəaliyyətə qoşulmalıyıq.
Planetimiz və mövcudluğumuz üçün olduqca vacib sayılan bu əlamətdar gündə hamılıqla bu bəşəri çağırışlara dəstək olaq, milli parklarımıza səfər etməklə təbii gözəllikləri bir daha görüb, onun qədrini bilməyə alışaq!”

A. Babayevanın sözlərinə görə, planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...