Neftin qiymətlərindəki dəyişikliklər birbaşa müharibənin nəticəsidir - İQTİSADÇI AÇIQLADI

“Bildiyimiz kimi pandemiya dövrü neftin qiymətləri özünün tarixi rekorduna enərək, 14 dollara qədər enmişdir. Lakin post-pandemiya dövrü iqtisadi aktivlik artdıqca neft qiymətlərində də artımlar müşahidə etməyə başladıq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bu artımlarda dalğalanmalar olduğundan hansı dövrdə nə qədər artımlar olacağını proqnozlaşdırmaq çətin idi: “Çünki burada virusun təsiri, peyvəndin müsbət təsiri, iqtisadi avtivliyin bərpa olunması kimi proseslər qiymətlərə kəskin təsir göstərirdi. Buna görə də iqtisadi aktivliyin gözləniləndən daha normal formalaşması neft qiymətlərinin 70 dollar və daha yuxarı qalxmasına gətirib çıxardı. Amma daha sonra Rusiya və Ukrayna arasında olan müharibənin qızışması, hələ ilkin siqnallar neftin qiymətinə tətikləyici təsir göstərdi. Yəni qiymətin artmasına imkan yaratdı. Bunun ardından isə müharibənin başlaması neft qiymətlərində kəskin qalxma təsiri yaratdı. Belə ki, hadisələrin hansı formada cərəyan edəcəyi neft idxal edən ölkələr üçün qaranlıq idi. Yəni neftin qiymətlərində baş verən dəyişikliklər birbaşa müharibənin nəticəsi idi.

Təbii olaraq, neft gəlirlərinin ölkəyə daxil olması isə bizim üçün müsbət dividentlərdir. Ölkəyə pul kütləsinin daxil olmasına imkan yaradır. Ölkənin valyuta ehtiyyatlarının artmasına gətirib çıxarır ki, bu da ölkədə həm iqtisadi islahatların, həm də investisiya layihələrinin yerinə yetirilməsi üçün yaxşı fürsətlər yaradır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə