İpoteka kreditlərinə vətəndaşların əlçatanlığı – TƏHLİL

Vətəndaşların mənzil şəraitinin, yaşayış vəziyyətinin daha da yaxşılaşdırılması ölkəmizdə hər zaman prioritet məsələ hesab olunub və bu istiqamətdə müvafiq addımlar atılıb, tədbirlər görülüb və bu tədbirlər davam etdirilir. Sözsüz ki, insanların sayının durmadan artması mənzillərə olan tələbatı da artırmaqdadır və məhz bu səbəbdən də insanların, ölkə vətəndaşlarının mənzillə təminatı hər zaman öz aktuallığını qoruyur. Elə buna görə də mənzillərə əlçatanlığın təmin olunması diqqət mərkəzindədir və dövlət tərəfindən bu məsələyə xüsusi əhəmiyyət verilir.

Daşınmaz əmlaka, mənzilə olan tələbatın olması, bu tələbatın günü-gündən artması hələ heç də tələbin artması anlamına gəlmir. Ona görə ki, daşınmaz əmlaka olan tələbat ödəniş qabiliyyətli olduğu zaman tələbə çevrilir. Nəzərə almaq lazımdır ki, mənzilə ehtiyacı olan insanların heç də hamısı bu mənzillərin dərhal ödənişini etmək imkanına malik deyillər. Mənzilin qiymətinin, dəyərinin birdəfəlik ödənilməsi imkanına malik olanların sayı bu mənzillərə tələbatı olanlar arasında çoxluq təşkil etmir. Belə olan halda daşınmaz əmlak bazarında istənilən nəticəni görmək mümkün deyil və bir çoxlarının mənzilə olan tələbatı elə tələbat olaraq da qala bilər. Daha dəqiq desək, insanların bir çoxu mənzilə sahib ola bilməzlər.

Dünya təcrübəsində də rast gəlinir ki, mənzillərin satışı zamanı, eləcə də insanların mənzil əldə etmələri üçün kreditlərdən istifadə edilməkdədir. Daşınmaz əmlak bazarında ən çox istifadə edilən də ipoteka kreditləridir və bu kreditlər insanların mənzilə olan əlçatanlığını artırır. İpoteka krediti ilə mənzil alan insanlar həmin mənzildə yaşamaqla mənzilə görə kredit ödəyir və mənzilə sahib olur. Belə bir təcrübədən istifadə edildiyi və müsbət nəticə verdiyi nəzərə alınaraq, ölkəmizdə də vətəndaşlarımıza ipoteka kreditlərindən istifadə imkanları yaradılıb və çoxsaylı vətəndaşlarımız bu imkandan yararlanaraq mənzillərə sahib olublar. Hazırda bu kreditlərdən, ipoteka kreditlərindən yenə də istifadə edilir, yenə də vətəndaşlarımız mənzillərə sahib olurlar və ölkə vətəndaşları üçün bu imkanlar, mənzilə sahib olmaq imkanları daha da asanlaşdırılır, əlçatanlığı artırılır.

Bildiyimiz kimi, ölkəmizdə ipoteka kreditləri vətəndaşlarımıza illik 8 faizlə verilir və bu faiz dərəcəsi üzrə müəyyən güzəştlər də mövcuddur. Güzəştlər mümkün olduğu halda mənzil əldə edən müştərilər üçün faiz dərəcəsi 6 faiz, yaxud 4 faiz dərəcəsi tətbiq edilir ki, bu da müvafiq olaraq dövlət qulluqçuları və şəhid ailələrinə şamil edilir. Mənzilə sahib olmaq üçün nəzərdə tutulan ipoteka kreditlərini əldə etmək üçün mənzilin dəyərinin 15 faizi həddində ilkin ödəniş tələb olunur və bu şərtlər daxilində mənzil sahibi olan şəxs ipoteka ödənişini 25 ilə qədər müddət ərzində davam etdirir və yekunlaşdırır.

Sözsüz ki, ipoteka kreditlərindən istifadə və vətəndaşların mənzilə olan tələbatının ödənilməsinə əlçatanlığın təmin edilməsi müsbət məqamdır. Ölkəmizdə ipoteka kreditləri həm Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına, həm də kommersiya banklarının öz vəsaitləri hesabına verilir. Bu da məhz daşınmaz əmlak, mənzil əldə etmək üçün ipoteka kreditlərinə vətəndaşların əlçatanlığını daha da artırır. Nəticədə daha çox insan bu kreditlərdən istifadə edərək mənzilə sahib olur və bu da mənzilə olan tələbin daha yüksək səviyyədə ödənilməsi deməkdir.

Hazırda tikinti şirkətləri arasında ipoteka ilə mənzil təklif edən şirkət də var. Bu tikinti şirkəti hazır mənzilləri müştərilərə təklif edir. Təklif edilən mənzillərin dəyərinin birdəfəlik deyil, kreditlə ödənilməsi də bu halda mümkündür. Həmin tikinti şirkətlərinin təklifinə uyğun olaraq mənzil sahibi olmaq istəyənlər əldə etdikləri mənzilə görə müvafiq müddət ərzində kredit ödənişini həyata keçirir və nəticədə mənzilə ahib olurlar. Hətta tikinti şirkətləri 6 faiz dərəcəsi həddində ipoteka krediti təklif edir və bu faiz dərəcəsi də mənzil sahibi olmaq istəyənləri qane edir.

İpoteka kreditləri və vətəndaşların bu kreditlərə əlçatanlığı barədə, bunun hansı səviyyədə olması haqda Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramova müraciət etdik. Millət vəkili bununla bağlı vəziyyətin qənaətbəxş olduğunu diqqətə çatdırdı və bildirdi ki, daha çox vətəndaşlarımızın bu kreditdən faydalanması bu gün müzakirə edilən məsələlərdəndir.

“İpoteka kreditlərinə əlçatanlığın artırılması prioritet məsələlərdəndir. Xüsusən nəzərə alsaq ki, həm adi, həm sosial ipoteka kreditlərinin əlçatan olması və daha çox vətəndaşlarımızın bu kreditdən faydalanması bu gün müzakirə edilən məsələlərdəndir. Xüsusən də adi ipoteka kreditlərinin faiz dərəcələrinə baxılması, azaldılması mümkündür və bizim bununla bağlı təkliflərimiz var. Nəzərə alsaq ki, adi ipoteka kreditləri 8 faizlə təklif olunur, amma ipoteka istiqrazları 3 faizlə yerləşdirilir və arada 5 faizli bir interval var, bu da təbii, imkan verir ki, adi ipoteka üzrə faizlərə baxılıb faizinin azaldılması mümkün olsun. Bu da təbii ki, əlçatanlığın artırılması baxımından vacibdir.

Eyni zamanda kommersiya banklarının öz vəsaitləri hesabına daxili ipoteka kreditləşməsinin genişləndirilməsi də vacib məsələlərdir və bizim də apardığımız təhlillər göstərir ki, bütövlükdə kommersiya bankları ipoteka kreditlərini daha yüksək faizlə təklif edirlər. Söhbət daxili kreditlərdən gedir. Daxili kreditlərin də faiz dərəcəsinin azaldılması və əlçatanlığın təmin edilməsi vacibdir, çünki ipoteka kreditləşməsi yalnız dövlət vəsaitləri deyil, həm də kommersiya banklarının daxili vəsaitləri hesabına genişlənməlidir ki, daha çox vətəndaşımız bu kreditlərdən yararlana bilsin”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...