Turizmin iqtisadiyyatdakı çəkisi NƏDİR? - İQTİSADÇI DANIŞDI

Turizmin iqtisadiyyatdakı çəkisi NƏDİR? - İQTİSADÇI DANIŞDI

“Hazırda ölkə iqtisadiyyatını gücləndirən əsas faktor yenə də neft olaraq qalır. Sadəcə olaraq müsbət tendensiya ondan ibarətdir ki, qeyri-neft sektoru üzrə canlanmalar gündən-günə daha da artır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, paralel olaraq da bu artımı vergi və gömrük daxilolmalarında da müşahidə edirik: “Eyni zamanda qeyri-neft ixracının artmasını da müşahidə edirik. Bu artıq 50 faiz ətrafında bir artımda müşahidə olunur.

Texnoparkların yaradılması, yeni sənaye məhəllələrinin salınması, sahibkarlığın inkişaf etdirilməsi, kiçik və orta biznesin stimullaşdırılması kimi məsələlər təbii olaraq ölkədə iqtisadiyyatını sürətləndirən əsas faktorlardandır.

Ölkədə turizmi inkişaf etdirmək üçün 2011-ci il "Turizm ili" elan olunduqdan sonra növbəti illər boyu bir çox beynəlxalq və yerli tədbirlər vasitəsilə ölkənin beynəlxalq aləmində tanıdılması ilə bağlı ciddi təbliğat və təşviqat işləri aparıldı. Bu da öz nəticəsini verdi. 2019-cu ildə ölkə üzrə ölkəyə gələn xarici turistlərin sayı 3.2 milyona yaxın bir sayda olmuşdur. Pandemiya səbəbindən isə 4 dəfədən çox azalma baş verdi. İqtisadiyyatın heç bir sahəsində bu cür azalma olmadı. Hazırda 2021-ci ildə təxminən eyni səviyyədə qalmışdır. Yəni ölkədə daxili turizm 2020-ci illə üqayisədə inkişaf etsə də amma xarici turistlərin ölkəyə gəlişində artım baş verməmişdir. Statistika Komitəsinin açıqlamasında da təxminən eyni həddə göstərici qalmışdır. Bunun da əsas səbəbi sərhədlərin bağlı olması idi. Düşünürəm ki, hazırda sərhədlərin açılmasına turizmin inkişafı baxımından böyük ehtiyac var. Quru sərhədlərin açılması ölkədə turizmi inkişaf etdirmək üçün edilməli olan ən başlıca hadisədir.

Rusiya, Türkiyə və Yaxın Şərqdən gələn turistlər bilavasitə quru sərhədlər vasitəsilə ölkəyə daxil olurlar. Bu da çoxluq təşkil etdiyindən bu sərhədlərin açılması olduqca vacibdir. Eyni zamanda otelçilik biznesinin də inkişaf etdirilməsi üçün aşağı ulduzlu otelin tikintisinin təşviq edilməsinə böyük ehtiyac vardır. Çünki hazırda regionlarımızda turizm xidmətlərimiz baha formalaşır. Buna görə də yerlərdə ədalətli qiyməti formalaşdırmaq üçün daha aşağı ulduzlu otellərin təşviq edilməsi lazımdır. Çünki hansısa bir xidmət sahələrinə diqtə şəklində qiymətin aşağı salınması ilə bağlı göstərişin verilməsi bazar qanunlarına ziddir. Buna görə də ən yaxşı vasitə olaraq rəqabət mühitini formalaşdırmaq lazımdır. Məhz bu qiyməti formalaşdırmaq üçün iqtisadi metodu ilə xarici turistlərin ölkəyə gəlməsini təmin etmək lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə