İdarəetmədə və dövlət qurumlarının strukturunda gənc kadrların təyinatı müşahidə olunur - ŞƏRH EDİLDİ

“Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvün seçilməsi müasir çağırışlara uyğun olaraq həyata keçirilən struktur və kadr islahatlarının tərkib elementidir. Nəzərə alsaq ki, müasir çağırışlar həm də bank sektorunda artıq yeni və xüsusən də, dünyada formalaşan düzənə uyğun siyasətin həyata keçirilməsini prioritet edib”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda son illər həm idarəetmədə, həm fərqli dövlət qurumlarının strukturunda gənc kadrların təyinatı müşahidə olunur: “Bu da təbii ki, hökumətin gəncləşməsi fonundan xəbər verir.

Qeyd edim ki, Mərkəzi Bankda kadr islahatlarının aparılması zəruri idi. Bu baxımdan, cənab Prezidentin təqdimatına uyğun olaraq Milli Məclisdə yeni təqdimata baxıldı və dəstəkləndi”.

Vüqar Bayramov sözlərinə belə davam edib: “Xüsusən nəzərə alsaq ki, yeni düzən kontekstində həm qlobal bazarlarda istehlak məhsullarının qiymətlərində artımlar var, həmçinin, məzənnə siyasətinin təkmilləşdirilməsi daha da prioritetləşib.

Aparıcı maliyyə qurumları Azərbaycan üçün inflyasiya proqnozuna baxaraq dəyişiklik edib. Bu isə ondan xəbər verir ki, 2022-ci il və növbəti illərdə inflyasiyanın tənzimlənməsi prioritetlər sırasında olacaq.

O cümlədən təbii ki, məzənnə siyasətinin təkmilləşdirilməsi və bütövlükdə bank sektorunun müasir çağırışlara uyğun olaraq inkişafının təmin edilməsi vacib məsələlərdəndir. Bu konteksdən yeni təqdimat və yeni üzvün seçilməsi bütövlükdə ölkədə aparılan kadr islahatlarının bir istiqamətidir. Bu da bütövlükdə maliyyə xidmətləri sektorunun inkişafına pozitiv təsir göstərəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə