İqtisadiyyat inkişaf edir, bəs investisiya necə? - ŞƏRH EDİLDİ
"Ölkə iqtisadiyyatının genişlənməsində investisiya həcmlərinin böyük təsiri var. Ölkədə olan investisiyalar birbaşa dövlət investisiyalarıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, xarici investisiyalar da daxil olmaqla bir neçə alt qrupa bölünür ki, bunlar da ümumi ölkə üzrə müxtəlif illərdə fərqli göstəricilərə malikdir: "Ümumilikdə götürdükdə ölkəyə yatırılmış investisiyaların təxminən 20%-ni qeyri-neft sektoruna yatırılmış olanlar təşkil edir. Yerdə qalan hissəsi isə neft sektoruna aid investisiyalardır.
1995-2020-ci illər arasında ölkəyə birbaşa xarici investisiya həcmi 150 milyard dollara yaxın olub. Bunun da ən yuxarı göstəricisi 2014-cü ildə olub ki, bu da təxminən 8 milyard 50 milyon həcmində idi".
İqtisadçı sözlərinə davam edərək həmçinin qeyd edib ki, müxtəlif vaxtlarda dövlət investisiya layihələrinin şahidi olmuşuq: "Lakin ölkə iqtisadiyyatında daha çox rol oynayan xarici investisiyalardır. Çünki xarici investorların maraqlarının qorunması, ölkədə investisiya mühitinə inamın artırılması əsas təşkil edir.
Bir müddət əvvəl cənab Prezident İlham Əliyev tərəfindən ölkəyə xarici investorların cəlb olunması ilə bağlı təşviq prosesinin daha da sürətləndirilməsi üçün sərəncam imzalanıb. Bunun nəticəsində Milli Məclisdə investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi qəbul edilib. Bu qanun layihəsi ölkədə investisiya mühitinin yaxşılaşdırılması üçün son dərəcə vacib idi. 18 maddədən ibarət olan bu qanunda bəzi ciddi məsələlər öz əksini tapıb. Bu qanun layihəsinin icrası ilə bağlı proseslər tam nəzarətdə saxlanılmalıdır. Çünki xarici investorların hüquqlarının qorunması istiqamətində görüləcək işlər son dərəcə əhəmiyyətlidir. Qanunun maddələrindən birində arbitraj məsələsinə də toxunulub. Belə ki, yerli orqanlarda xarici investorların maraqları təmin olunmadığı və ya yerli məhkəmələrin qərarlarından razı qalmadıqları təqdirdə investorlar beynəlxalq arbitraja müraciət edə bilərlər. Beynəlxalq arbitrajın qəbul etdiyi qərarlar da ölkədə birbaşa tətbiq olunacaq".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB