Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycanın növbəti böyük uğurudur

Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycanın növbəti böyük uğurudur

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin çoxşaxəli, müasir qərarlarla inkişaf etdirdiyi enerji siyasəti nəticəsində Azərbaycan enerjiyə olan daxili tələbatı tam təmin edilməklə bərabər, bu sahədə ixrcatçı ölkəyə çevrildi. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan regional və qlobal əhəmiyyət daşıyan enerji və nəqliyyat layihələrinə imza atır, bu layihələrin əsas təşəbbüskarı və fəal iştirakçısı statusunu şərəflə daşıyır. Belə layihələrdən biri də zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi layihəsidir. Xatırlatmaq istərdim ki, bu dəhlizin ərsəyə gəlməsində önəmli rola malik olan Avropa İttifaqı ilə Azərbaycan arasında 2011-ci ildə Birgə Bəyannamə imzalanıb. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi isə 2020-ci il dekabrın 31-də tamamlandı. Artıq reallığa çevrilən Cənub Qaz Dəhlizi layihəsi 7 ölkəni birləşdirən, 3500 km uzunluğa malik olan kəmərin ilkin layihə dəyəri 44.6 milyard dollar idi. Bu nəhəng layihə ilə ölkəmiz dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə etməklə yanaşı öz ixrac imkanlarını şaxələndirərək dünyanın nüfuzlu qaz ixracatçılarından birinə çevrilir.

21-ci əsrin ən nəhəng enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycanın növbəti böyük uğuru, Azərbaycan Prezidentinin prinsipial mövqeyinin bəhrəsidir. Bildiyimiz kimi, 2015-ci ildən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında layihənin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunur. Ötən həftə: daha dəqiq desək 4 fevral 2022-ci il tarixində Bakıda Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında ölkə başçımız cənab İlham Əliyev də iştirak etmişdi. Məşvərət şurası çərçivəsində ölkə başçımızın qeyd etdiyi kimi, ötən illə müqayisədə bu dəfəki görüşdə daha çox ölkə və təşkilat nümayəndəsi iştirak edirdi ki, bu da Azərbaycanın hazırda dünya qaz bazarında baş verən qeyri-sabit vəziyyət fonunda etibarlı tərəfdaş olaraq qəbul olunduğunu göstəricisidir. Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində Azərbaycan beynəlxalq tərəfdaşlarla fəal şəkildə işləyir. Bu isə inkişaf, sabitliklə yanaşı həm də bölgə dövlətləri və Avropa arasındakı əməkdaşlığa da yeni perspektivlər açır. Azərbaycan Prezidentinin qətiyyətli siyasəti nəticəsində gerçəkliyə çevrilən Cənub Qaz Dəhlizinin isə bu proseslərin mərkəzində dayandığını söyləmək olar. Çıxışı zamanı ölkə başçımız hazırda dəyəri 33 milyard dollar ilə ölçülən Cənub Qaz Dəhlizi layihəsinin əsas yatağının “Şahdəniz” yatağı olmasını vurğulayaraq, “Ümid”, “Babək”, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarının da böyük karbohidrogen ehtiyatlarına malik olmasını qeyd etdi. Hesablamalara görə Azərbaycanın 2022-ci ildə Avropaya 9 mlrd kubmetr, 2023-cü ildə isə 11 mlrd kubmetr qaz ixrac etməsi nəzərdə tutulub. Bundan başqa 2021-ci ilin sonunda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair imzalanmış üçtərəfli saziş Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qazın nəql edilməsini nəzərdə tutur ki, bu da Avropaya qaz nəqlinin indikindən nəzərə çarpacaq dərəcədə artması deməkdir. Bu, eyni zamanda, ölkəmizin Avropa üçün vacib qaz habına çevrilməsi kimi də qiymətləndirilir. Belə layihələr həyata keçirilərkən əsas vacib elementlərdən biri tərəflərin maraqlarının eyni olmasıdır. Azərbaycanın enerji siyasətindəki ən böyük üstünlüyündən biri həm öz maye qaz və neftini, həm də qonşu ölkələrin enerji resurslarını Avropaya çıxartmaqda ən sərfəli və təhlükəsiz yol olaraq qalmasıdır.

Bu gün Azərbaycan zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca faktorlardan birinə çevrilib. Azərbaycanın müstəqil enerji siyasəti onun beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Məşvərət Şurasının iclasında cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “birgə yürüdülən enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına kömək edir, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir”. Azərbaycan bölgə dövlətləri ilə Aİ üzv dövlətlər arasında maraq balansı yardan həlledici faktordur. Cənub Qaz Dəhlizi isə iştirakçı ölkələr arasında əlaqlər yaradır, onları gücləndirir, daha böyük anlaşmalara yol açır.

Emin Süleymanov

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə