Nazir "Teknofest"in Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışdı

Nazir "Teknofest"in Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışdı

"Teknofest" dünya texnoloji xəritəsində öz sözünü deyir. Tədbirin ilk dəfə Türkiyə hüdudlarından kənarda Azərbaycanda keçirilməsi Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının bariz nümunəsidir. Xəbər verilir ki, bunu "Teknofest" Aerokosmik və Texnologiya festivalına həsr olunan mətbuat konfransı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O qeyd edib ki, "Teknofest" sayəsində gənclərin texnologiyaya marağı artır və bacarıqları ortaya çıxır: "44 günlük müharibənin əsas simalarından birinə çevrilən "Bayraktar" gənclərin elmə, texnologiyaya olan kütləvi axınının göstəricisidir. "Teknofest"in Azərbaycanda keçirilməsi gənclərimizin texnologiyaya olan marağına, sevgisinə öz töhfəsini verəcək".

Xatırladaq ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə