Azərbaycan regionun nəqliyyat sektorunda önəmli aktordur - DEPUTAT

"Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, ümumiyyətlə, bütün regionda iqtisadi və siyasi imkanlarından istifadə edərək özünü önəmli aktor kimi təqdim edir. Rəqəmlərə əsaslanıb deyə bilərik ki, Azərbaycan Cənubi Qafqaz ölkələrinin ümumi iqtisadiyyatının 85 faizinə sahibdir. Bölgədə heç bir iqtisadi layihə ölkəmizin razılığı olmadan reallaşa bilməz". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanın önəmi, iqtisadi imkanları Rusiya, İran və Türkiyənin iştirak etdiyi layihələrdə də nəzərə alınır: "30 ildən artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində bağlanmış və infrastrukturu darmadağın edilmiş kommunikasiya xətləri 44 günlük Vətən müharibəsindən sonra yenidən bərpa olunmaq ərəfəsindədir. Müharibənin Qalib Sərkərdəsi, Prezident İlham Əliyevin "Zəngəzur dəhlizi" ifadəsini leksikonumuza gətirməsi ilə bölgədə yeni reallıqlar yaranıb. İlk dövrlər yalnız Azərbaycanda siyasi dairələrdə tez-tez adı çəkilən "Zəngəzur dəhlizi", bu gün bütün region ölkələrində müzakirə olunur. Bu dəhlizin əhəmiyyəti vurğulanır, rentabelliyi araşdırılır. Hətta Ermənistanın hakim dairələri "Zəngəzur dəhlizi"nin açılmasından sonra İran, Rusiya və Avropa ölkələrinə çıxış əldə edəcəklərini vurğulayırlar. Azərbaycan ikinci dəhliz vasitəsilə hərəkət edəcək qatarla Naxçıvana, qardaş Türkiyəyə və oradan da Avropaya müxtəlif çeşidli mallar daşıya biləcək. Bu dəmir yolu xəttindən Orta Asiya ölkələri də istifadə edə biləcəklər".

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev bu gün İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən də Şimal-Cənub nəqliyyat xəttinin ən önəmli hissəsinin - Astaraçay üzərindəki yeni avtomobil körpüsünün inşasının ölkələrimiz arasında iqtisadi əlaqələrə müsbət təsir göstərəcəyini vurğuladı: "Körpünün olmaması böyük növbələrin yaranmasına gətirib çıxarırdı. Yeni körpünün tikintisi isə bu sahədə problemlərin həllinə kömək edəcək. Həmçinin, yeni körpü yükdaşımaların artımına xidmət edəcək. Vətən müharibəsindən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət alıb. Əməkdaşlığın genişlənməsinə 3+3 platforması da ümidvericidir. Artıq birinci görüş keçirilib. Bu görüşlərin müntəzəm olacağına ümidimiz çoxdur. Əslində ölkəmizin iştirak etdiyi bütün iqtisadi layihələr işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında reallaşdırılan meqalayihələrin həyata vəsiqə qazanması üçün böyük stimuldur. Bu addımlar həm də Azərbaycanın etibarlı tərəfdaş, önəmli iqtisadi partyor olduğunu əməldə sübut edir ki, bu da ölkələr arasında münasibətlərin genişlənməsində önəmli rol oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...