Ərzaq təhlükəsizliyi və qarşıda duran vəzifələr - TƏHLİL

Qlobal iqtisadiyyata inteqrasıya edən ölkəmizdə yerli istehsalı az olan və eləcə də idxalı üstünlük təşkil edən məhsullar üzrə müşahidə olunan qiymət artımları anlaşılandır. Bütün dünya ölkələrində olan fasiləsiz qiymət artımının fonunda, əslində, ölkəmizdə daha münasib qiymətlərin olması günün reallığıdır. Azərbaycanda ərzaq qiymətlərinin digər ölkələrdən daha aşağı olması müsbət haldır və əgər hansısa məhsulda cüzi qiymət dəyişikliyi, artım olursa, deməli, bu qaçılmazdır, hətta səbəbi də bizim özümüzdən asılı deyil.

Diqqətə çatdıraq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Bu bir reallıqdır ki, bazarı müəyyən edən tələb və təklifdir. Beləki, tələbin yüksək olduğu bazarda qiymətin artımı, təklifin yüksək olduğu bazarda isə uçuzlaşma olur. Onu da nəzərə çatdıraq ki, qlobal istiləşmə, quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır, hansıki təsirləri bu gün özünü göstərir. Belə olan halda dünya ölkələrində qiymət artımının müşahidə olunması hər zaman təbii proses kimi qəbul olunur.

Nəzərə almaq lazımdır ki, inflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksəkdir. Hazırda ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür və bu heç də təsadüfi deyil. Hazırda 2,1 mlrd. dollar həddində olan kənd təsərrüfatı və ərzaq idxalımız ümumi idxalın 18%-ni təşkil edir. Bu baxımdan xarici amillərin təsiri altında 2021-ci ildə artan inflyasiyanın fonunda ölkəmizdə xarici mənşəli, idxal olunan ərzaq məhsullarının qiymətinin artması anlayışla qarşılanır. Hətta onu da bilmək lazımdır ki, 2019-2020-ci illərlə müqaisədə ötən 2021-ci ildə taxılın qiyməti dünya bazarında düz 45%-dən də çox artıb. Daha dəqiq desək, ötən ilin əvvəlindən ilin sonuna, dekabr ayına qədər idxal edilən buğdanın bir tonunun qiyməti 253 dollardan 340 dollara qədər artıb və heç də qiymətlərə təsirsiz ötüşə bilməzdi.

Sevindirici haldır ki, ötən 2021-ci ildə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi qorunub saxlanılıb. Ölkədə Ümumi Daxili Məhsul 5,6 faiz artaraq, həcmi 92,8 mlrd. manat olub. Qeyri neft sektorunda, sənaye istehsalında, qeyri-neft sənayesində artım müşahidə olunub. Beləki, artım qeyri neft sektorunda 7,2 faiz, sənaye istehsalında 5,2 faiz, qeyri-neft sənayesində isə 18,9 faiz qeydə alınıb. Maliyyə ehtiyatları artıb, ələlxüsus, ölkənin strateji valyuta ehtiyatları 2,5 mlrd. dollarə qədər artmaqla 53,2 mlrd. dolları keçib və bununla da artıq ölkənin xarici dövlət borcunu dəfələrlə, altı dəfədən çox üstələmiş olub. Həmçinin qeyri-neft ixracı 47%-dən çox artaraq 2,7 mlrd. dollar təşkil edib, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac təxminən 1.1 mlrd. dollar olub ki, bu, 18.3% artım deməkdir. Məzənnə sabitliyi inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib, hansıki, tədiyə balansının profisitli olması və qəbul edilmiş makroiqtisadi çərçivə bu məzənnə dayanıqlığını dəstəkləyib.

Göstəricilər qənaətbəxşdir, lakin ərzaq təhlükəsizliyi və ərzaq təminatı ilə bağlı hədəflərimiz var. Müşahidə olunanlar, yəni, dünyada ərzaq məhsullarının qiymətinin yüksəlməsi ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının genişləndirilməsini zəruri edir. Beləki, strateji məhsulların idxalının daxili istehsalla əvəzlənməsi öz aktuallığını qoruyur. Bir sözlə, taxıl-buğda istehsalında məhsuldarlığın artırılması qarşıda ən ümdə vəzifələrdəndir. Bu baxımdan istehsalın artırılması məqsədi ilə bu istiqamətdə subsidiyaların verilməsi gərəkir. Beləliklə, taxıl tədarükünün artırılması, idxaldan asılılığının minimuma endirilməsi ümdə vəzifə olaraq qarşıda durur. Ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi hər zaman diqqət mərkəzində olmalıdır, çünki, əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Məhz tələb və təklifin tarazlığı qiymətlərin münasib olmasını qoruyub saxladığı üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, ərzaq bazarında tarazlaşmaya nail olunmasına və özünütəminetmə səviyyəsinin artırılmasına xüsusi diqqət edilməlidir.

Təəssüf ki, təbii artımlarla yanaşı bəzən süni qiymət artımına da cəhd olunur. Bəzi işbazlar müşahidə edilən proseslərdən sui istifadə etmək istəyirlər və qazanc əldə etmək məqsədi ilə süni artımlar edirlər. Təkcə buğdanın, taxılın, müvafiq olaraq çörəyin qiymətlərində deyil, digər məhsulların qiymətlərində də süni artımlar etmək istəyirlər və bunu da sadalanan məhsulların qiymət artımı ilə izah etməyə çalışırlar. Halbuki, bu izahın heç bir məntiqi əsası olmadığı kimi, həm də belə artımlar, bahalaşmalar yolverilməzdir. Əlbəttə ki, bu süni artımlara dövlət tərəfindən nəzarət edilir, belə işbazları bu kimi əməllərə əl atmasına yol verilmir və bundan sonra yol verilməməsi nəzarətdə saxlanılmalıdır. Məhz bu məqsədlə də süni qiymət artımı ilə bağlı tapşırıq əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirib.

Bütün bu tədbirlərin fonunda, haqsız, ədalətsiz rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında inzibati rıçaqlardan istifadə olunmaqla möhtəkirlik hallarının qarşısının qətiyyətlə alınacağı zərrə qədər şübhə doğurmur. Çünki, stehlak bazarına antiinhisar nəzarəti gücləndirilib və bundan sonra daha da gücləndiriləcək. Eyni zamanda, qiymətlərin formalaşmasında şəffaflığın təmin edilməsi üçün qiymətlərin davamlı monitorinqi həyata keçiriləcək, xüsusən də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə