Ötən il istehlak bazarında qiymətlər açıqlanıb

Ötən il istehlak bazarında qiymətlər açıqlanıb.

SİA xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 112 faiz olub. Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarında daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, 2020-ci ilin dekabr ayına nisbətən 107,7 faiz təşkil edib. Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb. 2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 110 faiz təşkil edib. Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə

beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə