“Bayramqabağı bazarlarda qiymət artımı müşahidə olunur” - FOTOREPORTAJ

“Bayramqabağı bazarlarda qiymət artımı müşahidə olunur” - FOTOREPORTAJ

Yeni İlin gəlməsinə artıq bir neçə gün qalıb. Bildiyimiz kimi artıq hər kəs bayrama hazırlaşır. Xüsusilə də ilk görülən iş evə bayram bazarlığının edilməsi olur. Amma bayram ərəfəsində bazarlarda qiymətlər artmağa başlayıb. Artımın səbəbini araşdırmaq, vəziyyəti öyrənmək üçün SƏS İnformasiya Agentliyi olaraq “Yaşıl bazar”a üz tutduq. Burada ilk öncə satıcılarla danışıb, məsələ ilə bağlı münasibətlərini öyrəndik.

Satıcı Xatirə Qafarova: “Hazırda bazarda qiymətlər artmayıb. Amma marketlərdə vəziyyət başqa cürdür. Bazara nisbətən marketlərdə qiymətlərin baha olmasına baxmayaraq insanlar daha çox marketlərə üz tutur. Bazarda isə hər cür məhsul var, qiymətləri də hər kəsə münasibdir. Bayramqabağı isə vətəndaşlar daha çox salat üçün istifadə olunan məhsullar alır. Meyvə-tərəvəzlərimizin də hər biri Azərbaycan məhsuludur. Turşular və müxtəlif zeytun növləri də satılır. Amma təbii məhsullara daha çox üstünlük verilir”.

Satıcı Paşa Məmmədov: “Ümumiyyətlə, bayramqabağı hər yerdə qiymətlər artıb. Amma mən bunu çox normal qəbul edirəm. Qiymətlərin artmasında satıcıların da heç bir günahı yoxdur. Məhsulların alış səviyyəsi xeyli aşağı düşüb. Təbii olaraq bahalıq olan yerə heç kim gəlmir”.

Satıcı Qaraxan Türkoğlu: “İnsanlar hazırda daha çox meyvənin alışına üstünlük verirlər. Tərəvəzin isə alış səviyyəsi son günlərdə olduqca aşağı düşüb. Düşünürəm ki, bayramdan sonra tərəvəzlərin qiymətinin qalxacağının şahidi olacağıq.

Satıcı Emin Hüseynov: “Bayramqabağı istər mal əti, istərsə də toyuq ətinin qiymətləri artmayıb. Amma alıcılıq səviyyəsi bayramqabağı olduqca artıb. Sümüksüz dana əti 11 manat, normal quzu əti 15 manat, çolbaların isə qiyməti 6-7 manat aralığında dəyişir. Əvvəlki illərdən fərqli olaraq bu il kabablıq ət bir o qədər alınmır. Bu il daha çox quzu budu alırlar. Eyni zamanda dekabrın 30-31-i günləri daha çox hinduşka alınır. Bunun ən əsas səbəbi isə hinduşkanın yeni ilin simvolu kimi qəbul edilməsidir”.

Satıcı İlham Novruzov: “Hazırda əvvəlki illərlə nisbətdə balığın istehsalı olduqca artıb. Dəniz balıqlarının ovlanması qadağan olunduqdan sonra kənd təsərrüfatında balıqların istehsal olunmasının səviyyəsi xeyli yüksəlib. Xarici istehsal içərisində isə Türkiyə və Rusiyadan gələn balıqların satışı da daha çoxdur. Bundan əlavə balıqların çeşidləri də artıb. Əvvəllər 3-4 növ balıq sata bilirdiksə, hazırda bu say 30-40 növ balıq arasında dəyişir. Balıq istehsalının çox olması bazarda rəqabəti artırdığı qədər qiymətləri də aşağı salıb. Bayramqabağı da balıq alanlar çoxluq təşkil edir. Xüsusilə də bayram günü ləvəngi bişirə biləcəkləri balqılara insanlar daha çox üstünlük verirlər”.

Satıcı Rəhim Qurbanov: “Təbii ki, bayramqabağı müəyyən məhsullar var ki, onlara daha çox üstünlük verirlər. Bu cür məhsulları da daha çox xarici istehsallar təşkil edir. Amma qiymətlərimizdə heç bir fərq yoxdur. Quru meyvələr içərisində qoz, fındıq, alça, ərik, qara gavalı, doğranmış xurmalar alınır. Eyni zamanda bayramqabağı təbii ki, ən çox düyü satılır. Yerli məhsullarımızda olmasa da xarici istehsallarda qiymət artımı olur”.


“Neptun” mağazasının meneceri Toğrul Məmmədov:
“Mağazamızda həm bayramla əlaqədar, həm də müəyyən müddət davam edən endirimlərimiz mövcuddur. Bayramqabağı endirimlərimiz isə sırf bayram zamanı daha çox istifadə olunan məhsullara aiddir. Bura konservləşdirilmiş qarğıdalı, noxud, moyenez və.s aid edə bilərik. Bundan əlavə mağazamızın hər ay iki dəfə kataloqumuzdakı məhsullara endirimlər olur. Bayramla əlaqədar olan endirimlərimiz yanvar ayının 5-6 aralığına qədər davam edəcək. Mağazamızda yeni il hədiyyələri də mövcuddur. Bu hədiyyələrə isə dekabr ayının 29-dan başlayaraq yanvar ayının 4-5-ə kimi daha çox alınır”.

Məsələ ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik.

Şəhər sakini Seymur Məmmədov: “Bayramqabağı hər il qiymətlərdə artım olur. Lakin uzun müddətdir ki, bu artım tək bayramqabağı deyil hər ay baş verir. Buna görə də bayram bazarlığını bazardan deyildən böyük supermarketlərdən etmək daha məqsədə uyğundur. Çünki ən azından o cür marketlərdə bayramla əlaqədar endirimlər olur”.
Şəhər sakini Günay Səfərova: “Bazarlarda məhsulların həm keyfiyyəti yaxsi olur, həm də çeşidləri çox olur. Bazarlarda 2-3 manata aldığımız məhsulu, marketlərdə 2-3 qatına tapa bilirik. Ona görə bayram vaxtı və ya adi vaxtda belə bazarlardan məhsul almaq daha məqsədə uyğun hesab olunur”.

Məsələ ilə bağlı ekspert rəyini də öyrəndik.

İqtisadçı Eldəniz Əmirov:

“Bildiyimiz kimi pandemiya dövründə bütün dünyada infilyasiya meyilləri sürətlənib. Bu da təbii olara Azərbaycana da öz təsirini göstərir. Nəzərə alsaq ki, Azərbaycan idxaldan kifayət qədər asılı bir ölkədir o zaman bu qiymət artımının Azərbaycana bu şəkildə təsir etməsi başa düşüləndir. Birmənalı olaraq hansısa market və ya bazarda qiymətlərin aşağı olması halları təəssüf ki yoxdur. Müəyyən məhsullar bəzi yerlərdə ucuz bəzi yerlərdə isə baha qiymətə olur. Sadəcə, bəzi yerlərdə kənd təssərrüfatı məhsullarının satışında qiymətlərin aşağı olması müşahidə olunur. Bu gün müşahidə etdiyimiz məsələlərdən biri də odur ki yarmarka başlamamışdan əvvəl ənnəvi bazarlarda fəaliyyət göstərən satıcıların bir gün sonra yarmarkada məhz eyni məhsulları satmasıdır. Bu da təbii olaraq yarmarkalarla bazarlar arasında olan qiymət fərqinin formalaşmasına imkan vermir. İnfilyasiya meyilləri hər kəsə məlum bir məsələdir. Cənab Prezident tərəfindən mərhələli şəkildə müxtəliuf sahələrdə çalışan insanların əməkhaqlarının eləcə də sosial həssas qrupların təqaüdlərinin verilməsində olan artımla bağlı fərmanlar imzalanıb. Düşünürəm ki fevral ayında müəyyən sahələrdə biz qiymət artımlarını təkrarən görə bilərik. Çünki əhali gəlirlərinin artması iqtisadi aktivliyi daha da artırmış olacaq. İqtisadi aktivliyin artması isə təbii şəkildə bazarlarda qiymətlərə daha çox təkan verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə