Aİ ölkələri ƏDV-nin azaldılması ilə bağlı razılığa gəliblər

Avropa İttifaqına (Aİ) üzv ölkələr əlavə dəyər vergisi (ƏDV) üzrə qaydaları dəyişdirməklə iqlim dəyişikliyi ilə mübarizə, ictimai səhiyyə və rəqəmsal transformasiyaya dair məhsul və xidmətlərin tariflərinin azaldılması üçün razılığa gəliblər.

SİA xəbər verir ki, Avropa Şurası üzv ölkələrin ƏDV-nin dərəcələri ilə bağlı Aİ-nin qaydalarını yeniləməyə razılaşdıqlarını açıqlayıb. Yeniliyə əsasən, üzv ölkələr 15 faizdən yuxarı ƏDV dərəcəsini tətbiq etməkdə davam edəcəklər. Aİ ölkələri ƏDV tənzimlənməsinin yenilənmiş əlavəsinə daxil edilmiş 24 müxtəlif kateqoriyalı məhsul və xidmətdən ikisinə ƏDV-nin 5 faizlik güzəştli dərəcəsini tətbiq edə biləcəklər. Bundan başqa, qida, tibb və dərman kimi əsas ehtiyaclar da daxil olmaqla 7 kateqoriyanın birində 5 faizdən az ƏDV, birində isə ƏDV-dən tam azad tutulma mümkün olacaq. Endirimli ƏDV dərəcələri üzrə məhsul və xidmətlərin siyahısı genişləndiriləcək.

İnternetə çıxış, mədəni və idman tədbirlərinin canlı yayımı kimi rəqəmsal xidmətlərə güzəştli ƏDV tətbiq ediləcək. Fərdi qoruyucu vasitələr, maskalar və yeni növ koronavirusla (COVID-19) mübarizədə istifadə olunan məhsullar, gələcək böhranlarda faydalı olacağı təxmin edilən məhsullar, eləcə də əlillərə kömək edəcək cihazlara endirimli ƏDV tətbiq olunacaq. Günəş panelləri, ekoloji cəhətdən təmiz istilik sistemləri və velosipedlər kimi məhsullara da aşağı dərəcəli ƏDV tətbiq ediləcək.

Aİ-nin iqlim dəyişikliyi hədəflərinə zərərli hesab edilən məhsul və xidmətlər üzrə azaldılmış tariflər və istisnalar tədricən aradan qaldırılacaq. Belə ki, ənənəvi yanacaqlar və oxşar istixana qazı emissiyaları olan digər məhsullar üzrə azaldılmış ƏDV dərəcələri və ya azadolmaların müddəti 2030-cu ilədək başa çatacaq. Kimyəvi gübrələr və pestisidlər üzrə azaldılmış tariflər və istisnalar isə 2032-ci ilə qədər yekunlaşacaq.

Yenilənmiş ƏDV qaydaları məsləhətləşmələr üçün Avropa Parlamentinə göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə